Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanla bağlı daha bir tənqidi qətnamə qəbul edib. Qətnamədə "siyasi məhbusların dərhal azad olunması" çağırışı yer alıb, eləcə də demokratiya və insan haqları ilə bağlı digər problemlərə diqqət çəkilib.
Sənəddə vurğulanıb ki, "Gürcü arzusu" partiyasının siyasəti nəticəsində baş verən "demokratik geriləmə" gələcəkdə Gürcüstan nümayəndə heyəti Assambleyanın sessiyalarında iştirak edəcəyi təqdirdə onun səlahiyyətlərinin ratifikasiyasına töhfə verməyəcək.
Qətnamədə bir sıra meyarlar müəyyən edilib ki, onların yerinə yetirilməsi "Gürcü arzusu" nümayəndə heyətinin səlahiyyətlərinin tanınması üçün məcburi şərtdir.
Gürcüstan üzrə həmməruzəçi Sabina Çudiç bildirib ki, müvafiq qətnamə dialoqa hazırlığı göstərir, eyni zamanda Gürcüstan hakimiyyətinin yerinə yetirməli olduğu tələbləri müəyyən edir. O xatırladıb ki, Gürcüstan nümayəndə heyətinin hazırkı sessiyaya qatılmaması barədə qərarı AŞPA deyil, "Gürcü arzusu" hökuməti qəbul edib.
Qətnamə 89 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edilib.
Xatırlatma
"Gürcü arzusu" partiyası yanvarda AŞPA-da fəaliyyətini dayandırıb. Bu, Assambleyanın Gürcüstanı yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməni böyük səs çoxluğu ilə qəbul etməsindən sonra baş verib. Qətnamə Gürcüstan hakimiyyətini aprel ayına qədər yeni parlament seçkilərinin tarixini təyin etməyə, bütün siyasi məhbusları azadlığa buraxmağa və mübahisəli qanunlara yenidən baxmağa çağırırdı.
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Teya Tsulukiani qətnamənin şərtlərini "qəbuledilməz, ədalətsiz və əsassız" adlandırıb.