S.Seyidov: 'Bilirəm ki, Azərbaycan nümayəndə heyətinə təzyiqlər olacaq'

S.Seyidov

Yanvarın sonunda Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak etmək üçün Strasburqa yola düşəcək. Həbsinin bitməsinə az qalmış yeni ittihamlarla üzləşən bloqer Mehman Hüseynovun məsələsi də gündəmdə olacaq.

«İndi yenə bu məsələlər beynəlxalq təşkilatlarda, xüsusən Avropa Şurasında, Avropa Parlamentində müzakirə olunacaq. Təbii ki, bu məsələlərlə bağlı ünsiyyətdə olmaq çox çətindir, bu yaxınlarda nümayəndə heyətimiz Strasburqa gedəndə bunların hamısı ilə rastlaşacağıq, fikirlər dinləyəcəyik. Bu, o qədər də asan deyil», – Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna müsahibəsində deyir. O buna görə narahat olduqlarını da dilə gətirir.

- Səməd müəllim, bloqer Mehman Hüseynova irəli sürülən yeni ittihamlara etiraz olaraq və digər siyasi məhbuslara dəstək məqsədilə həm həbsxanada, həm də həbsxanadan kənarda bir neçə şəxs aclıq aksiyası keçirir. Avropa Şurasının məruzəçiləri Mehman Hüseynovun işinə yenidən baxılmasını tələb edir. Azərbaycanın bu çağırışlara reaksiyası necə olacaq?

- Biz prosesi izləyirik. Bir neçə gündən sonra Avropa Şurasına gedəcəyik. Həmməruzəçilər, İnsan Haqları Komitəsinin rəhbərliyi bizə bununla bağlı müraciət etmişdi. Biz sözügedən hadisəni və onun ətrafında baş verənləri geniş və ətraflı bütün beynəlxalq strukturlara, o cümlədən Avropa Şurasına çatdırmışıq. Bir çox beynəlxalq təşkilatlarda bunun ciddi rezonans doğuran bir hadisəyə çevrilməsi istiqamətində işlər aparılır. Ancaq hesab edirəm ki, burda Azərbaycana qarşı qüvvələr də öz rolunu oynayır. Nümayəndə heyətinin rəhbəri kimi əldə etdiyim məlumata görə, burda araşdırmalar (Mehman Hüseynovla bağlı istintaq araşdırmasını nəzərdə tutur) hələ davam edir, nəticə yoxdur. Mehman Hüseynov aclıq aksiyasını dayandırıb, ancaq bunun beynəlxalq qurumlarda çox ciddi müzakirə obyektinə çevrilməsinə çox ciddi cəhdlər göstərilir.

- Yəni, siz bu prosesin üçüncü qüvvə tərəfindən idarə edildiyini düşünürsünüz?

- Son hadisələr buna dəlalət edir ki, Azərbaycanla bağlı hər hansı məsələ gündəmdən çıxan kimi başqası gündəmə gətirilir. Xüsusilə İlqar Məmmədov azadlığa çıxandan sonra beynəlxalq qurumların gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yox idi. İndi yenə bu məsələlər beynəlxalq təşkilatlarda, xüsusən Avropa Şurasında, Avropa Parlamentində müzakirə olunacaq. Təbii ki, bu məsələlərlə bağlı ünsiyyətdə olmaq çox çətindir, bu yaxınlarda nümayəndə heyətimiz Strasburqa gedəndə bunların hamısı ilə rastlaşacağıq, fikirlər dinləyəcəyik. Bu, o qədər də asan deyil. Ancaq düşünürəm ki, normal və heç bir problem olmadığı vaxtda yaxşı nailiyyətlər də əldə etdik. Məsələn, Avropa Parlamentində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələləri qaldırdıq, Avropa Şurasında məruzəçilərlə danışıqların normal gedişinə nail olduq. Amma hamısı yenidən imtahana çəkilir. Birinci dəfə olmadığından bizdə belə bir fikir formalaşır ki, bu, təsadüf ola bilməz.

- AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı problemlərin, xüsusən də insan haqları və bloqer Mehman Hüseynovla bağlı konkret məsələlərin qaldırılacağına görə gərginsinizmi, narahatsınızmı?

- Təbii, narahatam. Əminəm ki, belə də olacaq. Ancaq cavab verməyə sözümüz var. Əlimizdə sənədlər, əsaslar aparırıq. Hüquq-mühafizə orqanlarının arayışları var, qeyri-dövlət təşkilatlarının, Azərbaycandakı diplomatik korpusun, ombudsmanın, həbsxanadakı insanların özlərinin fikrilərini aparırıq. Bütün sənədlər əlimizdədir. Bu baxımdan biz həqiqəti, reallığı Avropa deputatlarına, bununla maraqlananlara çatdıracağıq. Amma mən bilirəm ki, bizə, Azərbaycan nümayəndə heyətinə təzyiqlər, ittihamlar, suallar olacaq.

- Artıq beşinci məhbusdur ki, həbs müddəti başa çatmağa az qalmış ona yeni ittihamlar irəli sürülür. AŞPA məruzəçiləri də konkret Mehman Hüseynova yeni ittihamların da siyasi motivli olması haqda təxminlərini səsləndiriblər. Sizcə, bu qədər...

- Mən faktlara əsaslanıram. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə şübhə etməyə əsasım yoxdur. Hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin, Penitensiar Xidmətin işi ilə bağlı sənədlər əlimizdədir. Sizi maraqlandıran sual varsa, gərək onlara müraciət edəsiniz. O ki qaldı Avropa Şurasında bu məsələlərin izahına, bir daha təkrar edirəm, məni daha çox narahat edən Azərbaycana qarşı çox düşünülmüş, təsadüfi olmayan prosesin həyata keçirilməsidir. Bunun arxasında müxtəlif maraqlı qüvvələr var.

- Səməd müəllim, dediniz ki, hüquq-mühafizə orqanlarının fəaliyyətinə şübhə etməyə əsasınız yoxdur. Ancaq bəzən həqiqət şübhə etdikdə, araşdırdıqda ortaya çıxır, bəlkə ara-sıra şübhələnmək gərəkdir? Yüksəkvəzifəli məmurları, iqtidarı tənqid edən bloqerə qarşı ittihamda siyasi motiv yoxdurmu, sizcə? Sizdə belə şübhələr yaranmırmı?

- Söhbət axı, tamamilə başqa istiqamətdə getməyə başlayır. Biz bilirik ki, bu saat Mehman Hüseynov aclıq etmədiyi halda aclıq aksiyası ilə bağlı beynəlxalq təşkilatlardan suallar gəlir. Beynəlxalq təşkilat da bunu hansısa formada gündəmə gətirməyə cəhd edir, ancaq real vəziyyəti öyrənməyə cəhd edilmir. Söhbət şübhələnməkdən getmir. Bu saat elə dövrdə yaşayırıq ki, beynəlxalq təşkilatlarla işləmək o qədər də asan deyil. O ki qaldı sizin şübhələnmək haqda dediklərinizə, şübhə yox, faktlarla danışmaq lazımdır. Faktları rəsmi qurumlardan, ombudsmandan əldə edirik. Nəhayət, özümüz də baş verənləri təhlil edə bilirik.

- İlqar Məmmədov azadlığa çıxanda onun Azərbaycan üçün beynəlxalq dairələrdə başağrısı olduğunu demişdiniz. Mehman Hüseynov da eyni dərəcədə başağrısına çevrilir, deyəsən. Bunun belə olmasında hakimiyyət nə qədər günahkardır?

- Mən elə əvvəldə dedim ki, beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlıq etməyə başlayanda bu cür məsələlərin ortaya çıxdığını görürük. Məsələn, bir qədər əvvəl qərəzli korrupsiya məsələsi ortaya çıxdı və s. Məqsəd konstruktiv əməkdaşlıqdan, Avropaya inteqrasiyadan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində işləməkdən diqqəti yayındırmaqdır. Diqqət yenə insan haqları məsələsinə yönəldilir. Hətta düşünürəm Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çətin gözə görünən, amma müsbət dəyişikliklər də, ola bilsin, kimisə narahat edir. Bu gün (müsahibə yanvarın 15-də götürülüb – A.R.) Elmar Məmmədyarov həmsədrlərlə görüşür. Baxaq görək nə olur. Hər bir halda təcrübəm deməyə əsas verir ki, müsbət istiqamətdə gedən proseslər xoşagəlməz bir proseslə müşayiət olunur, diqqəti yayındırırlar, qanunların pozulmasından danışmaqla süni müzakirələr yaratmağa, beynəlxalq təşkilatlarda qətnamələr, bəyanatlar verilməsinə yönləndirirlər. Birinci dəfə deyil və təəccüb də etmirik.

- Bəlkə hökumət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Avropaya inteqrasiyanı başa çatdırmaq üçün işə ilk növbədə qarşısına əngəl kimi, baryer kimi çıxan insan haqları sahəsindəki problemləri, siyasi məhbus problemini kökündən həll etməklə başlamalıdır?

- İnsan haqları, demokratik inkişaf məsələsi heç vaxt birtərəfli proses deyil. Azərbaycan beynəlxalq sistemə inteqrasiya etmiş ölkədir. Bu baxımdan insan haqları, bəşəri dəyərlər, demokratiyanın inkişafı bu saat bir ölkənin təkbaşına fəaliyyətindən asılı deyil. Ermənistanda dəfələrlə qanunsuz, saxta seçkilər keçirilib, ancaq beynəlxalq qurumlar hesabatlarda əksini yazıb. Maraqlı dünyada yaşayırıq. Beynəlxalq dairələr onların oyununu oynamadıqda sizi başqa cür təqdim edirlər. Ona görə Azərbaycan çətin mövqedədir. Azərbaycan postsovet ölkələri arasında bəlkə də yeganə dövlətdir ki, tam müstəqil siyasət aparmaq gücündədir. Bu, asan deyil. Ermənistan, hətta bizimlə dost olan Gürcüstan tam müstəqil siyasət aparmaq iqtidarında deyillər. Azərbaycan isə aparır deyə, çətin, xoşagəlməz nəticələrlə üzləşir. İnteqrasiyadan danışırıq, mitinqlərə icazə veririk, amma demokratik dəyərlərə əməl edilmədiyi deyilir. Ona görə çox ehtiyatlı davranmaq lazımdır. Nəzərə alınmalıdır ki, insan haqları həssas məsələdir. Bəzən beynəlxalq təşkilatlar bundan sui-istifadə edirlər.