Ölkənin cənub rayonlarında son illər tez-tez aliment mübahisələri eşidilir. Bəzi qadınlar boşandıqdan sonra həm işsizlikdən, həm də uşaqlarına aliment ala bilmədiklərindən gileylənirlər. Onlardan biri də iki uşağı ilə birgə yaşayan Əsmayə Ağayevadır.
Astara Rayon Məhkəməsinin 2021-ci il mayın 26-da verdiyi qərarla Ağayeva əri - Müşfiq Məhərrəmovdan öz ərizəsi ilə boşanıb. Bununla da onların 7 il əvvəl bağlanmış nikahı pozulub.
"Fikirləşirdim ki, şəhərə köçüb özümə iş taparam"
Məhkəmənin qətnaməsinə görə, 200 manat aliment müəyyən edilib. Amma Əsmayə Ağayevə iddia edir ki, həmin ildən aliment ala bilmir, iki uşaqla Siyaku kəndindən Astara şəhərinə köçmək məcburiyyətində qalıb: "Kənddə yaşamaq mümkün deyildi. Qohumlarım kasıb olduğundan mənə əl tuta bilmirdilər. Fikirləşirdim ki, şəhərə köçüb özümə iş taparam. İş də tapa bilmirəm...".
Sizin brauzer HTML5-i dəstəkləmir
Onun sözlərinə görə, dövlətdən sosial yardım alsa da, iqtisadi vəziyyətləri gündən-günə ağırlaşır: "Sosial yardım bir illiyə müəyyənləşdirilib. İki oğlum var, biri məktəblidir. Paltarlarını, məktəb ləvazimatlarını ala bilmirəm. Ayda bir dəfə ət ala bilirəm. Bahalaşma gedir. Bazara gedirsən, görürsən ki, hər şey bahadır. Fikirləşirdim ki, aliment olacaq, onun hesabına vəziyyətimiz bir qədər düzələr. Aliment vermir".
Əsmayə Ağayevanın keçmiş əri Müşfiq Məhərrəmov Bakı şəhəri Yasamal rayonunda yaşayır. Ağayeva aliment almadığı iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə bu işə 2021-ci ilin noyabrında baxıb. Sənədlərdən bəlli olur ki, Məhərrəmovun Ağayevaya 1 min 400 manat aliment borcu var.
Sizin brauzer HTML5-i dəstəkləmir
"İki uşaqla ortada qalmışıq"
Ağayeva indi də deyir ki, bu müddət ərzində aliment borcunun məbləği daha da artıb: "6 min manat aliment yığılıb qalıb. Arabir 50 manat göndərir. Bununla necə yaşamaq olar?! İki uşaqla ortada qalmışıq. Yaşadığım evin qaz, işıq, su pulunu mən verirəm. Aldığım sosial yardımın yarısı oraya gedir. Evin yiyəsi mənə sığınacaq verib. Mənim uşağım böyüyüb evin yiyəsinə əsgəri xidmətə gedəcək, yoxsa dövlət üçün? Bunları dövlət etməlidir".
"Uşaqların gözünə baxa bilmirəm"
Stolun üstünə qoyduğu səmənini göstərib deyir ki, Novruz bayramı ilə bağlı aldığı ancaq səmənidir: "İlaxır çərşənbədə süfrəyə qoymağa bir şey yox idi. İndi Novruz bayramıdır. Uşaqların gözünə baxa bilmirəm. İş versəydilər, vəziyyətdən çıxardım. Öz adamlarına iş verirlər, bizə vermirlər. Burada yaxında yaşlı bir qadın yaşayır, ona arabir baş çəkib qulluq göstərirəm. O da mənə az-çox yardımlar edir. O, olmasa, vəziyyətim daha pis olar. Belə davam etsə, Bakıya köçməli olacağam, çarəm yoxdur. Orada, heç olmasa, ac qalmarıq".
"Pul olanda göndərirəm”
Əsmayə Ağayevanın keçmiş həyat yoldaşı Müşfiq Məhərrəmovla əlaqə saxladıq. Onun dediyinə görə, fəhlə işləyir, qazancı az olur: "İş həmişə olmur. Pul olanda göndərirəm. Bilirəm ki, orada iki oğlum var. Əlimdə göndərmiş olduğum pulların qəbzləri var".
Astara Rayon İcra və Probasiya şöbəsinin rəisi Rauf Məmmədov isə Ağayevanın aliment ala bilməməsi haqqında şikayətlərinə cavab olaraq bunları bildirib: "Şöbəmizə müraciət etsin, kömək edək".
"Buna görə, keçmiş ərim..."
Amma Astara rayonunda Əsmayə Ağayevadan başqa da aliment tələb edənlər var. Bu rayonun Tüləgüvan kənd sakini Vəsilə Gənciyeva da ərindən boşanandan sonra aliment ala bilmədiyini deyir: "Mənim altı uşağım var. Yeganə qazancım çoxuşaqlı ana olduğuma görə aldığım puldur. Uşaqlarıma aliment ala bilmirəm. Buna görə keçmiş ərim ilə bağlı iki dəfə inzibati tədbir də görülüb...".
O iddia edib ki, evi yanıb, təndirdə yaşayır: "Təndirin üstünü, ətrafını bağlayıb orada yaşayırıq. Palatka da vermədilər, öz gücümüzə yarı ac-yarı tox yaşayırıq. Qohumlar, qonşular kömək edir".
Amma onun şikayəti ilə bağlı cavabdeh tərəflərlə danışmaq mümkün olmayıb.
"Boşanmaların çoxu iqtisadi vəziyyətlə bağlıdır"
İctimai fəal Asən Həşimli də deyir ki, boşanmış şəxslərin şikayəti ilə tez-tez rastlaşır. Onun vurğulamasına görə, bir çoxuna ərizələrinin yazılmasına kömək də edir: "Bunların arasında aliment ala bilməyən ailələr həddindən artıq çoxdur. Müşahidəmə əsaslanıb deyə bilərəm ki, boşanmaların çoxu iqtisadi vəziyyətlə bağlıdır. Ailə başçısı işsiz, evsiz olanda buna zəmin yaranır. Çoxları elə bilir ki, kənddə yaşayan adamın torpağı var, o yaşayar. Elə deyil. Altı-yeddi sot torpaqla kəndli nə edə bilər? Yeni evlənənlər özünə ev belə tikə bilmirlər. İşləməsələr, onlara ipoteka düşmür, ev inşa edə bilmir, ailə dağılır...".
Xatırlatma
Ötən ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 28 min 785 nikah və 7 min 531 boşanma halları qeydə alıblar. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.7-dən 5.8-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1.6-dan 1.5-ə düşüb.