Rayonlarda ərzaq məhsulların bahalaşması ilə bağlı tez-tez şikayətlər eşidilir. Astara rayonunda marketlərdən birinin adının çəkilməsini istəməyən sahibi isə deyir ki, ərzaq məhsullarının bahalaşması onlarla bağlı deyil: "Əsas topdansatışdır, anbardan gələn qiymətlərdir. Qiyməti qaldırmasam, ziyana düşəcəyəm. Elə məhsul var ki, ona tələbat azdır, ancaq qiymətini qaldırırlar. Elə məhsul da var ki, xaricdən gəlir, qiyməti qalxır. Biz balaca adamlarıq".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Nisyə mal almış sakin borcu verə bilmir"
Sahibkarın vurğulamasına görə, qiyməti "yuxarılar" müəyyən edir: "Əslində qiymət qalxdıqca alıcıların da sayı azalır. Görürsünüz, marketdə bir alıcı var, o da ya qənd, ya da şəkər tozu alacaq. Alver pensiyalar veriləndə yaxşı olur. Nisyə mal vermirik. Kəndlərdə nisyə mal verən mağazaların çoxu bağlanıb. Nisyə mal almış sakin borcu verə bilmir, dükan sahibi də aldığı məhsulun pulunu ödəyə bilmir. Nəticədə mağaza bağlanır".
"Daha çox soğan və kartof alırlar"
Yaxınlıqda kənd təsərrüfatı məhsulları satan köşkdə də bildirdilər ki, bir ayda qiymətlər xeyli artıb. Satıcının deməsinə görə, ilin bu vaxtında ucuz kənd təsərrüfatı məhsulları az olur: "Acıq sahədə məhsul tükənib. Xiyar, pomidor "parnik"lərdən gəlir, qiymət ona görə artıb. Bu məhsulların 1 kiloqramı 2 manatdan yuxarıdır. Keyfiyyəti aşağı olan, ucuz pomidor var. Kartof isə Rusiya və Belarusdandır, 1 kiloqramı 1 manat 20 qəpiyədir. Soğan bir qədər ucuzdur. Daha çox soğan və kartof alırlar. Pomidor və xiyar baha olduğu üçün varlılar alır".
"Elə ərzaq məhsulu var ki, qiyməti 100 faiz qalxıb"
Astara rayonunun Ərçivan qəsəbə sakini Vaqif Əhmədoğlu da deyir ki, ən çox bahalaşan ərzaq məhsullarıdır: "Soya yağlarının 1 litrini 3-4 manata aldığımız halda, indi 8-9 manata olub. Elə ərzaq məhsulu var ki, qiyməti 100 faiz qalxıb. Kəllə qəndin kilosu 2 manata yaxın olub. İşləməyən adamlar nə eləsin?! Sənaye mallarında da bahalaşma var. İrandan gətirilən ərzaqlarda 3-4 qəpik fərq var. Qalmış mallardır, keyfiyyətsizdir, gətirirlər bura. Sərhədlər açıq olanda vətəndaş özü bazarlıq edərdi, keyfiyyətə baxardı". (Koronavirusla bağlı 2020-ci ilin yazından Azərbaycanın xarici ölkələrlə quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb. Bu məhdudiyyət hələ də götürülməyib).
"Qarğıdalı yağı 4 manat 50 qəpik idi, indi olub..."
Marketdən çıxan bir alıcının sözlərinə görə, ərzaq məhsullarının qiyməti qalxdıqca yaşayış çətinləşir: "1-litrlik qarğıdalı yağı 4 manat 50 qəpik idi, indi olub 8 manat 50 qəpik. Kilosu 1 manat olan peçenye 2 manat olub. Narazılıq edəndə dükanda deyirlər ki, ala bilmirsən, alma. Hər gün qiymət artırarlar? Ölkənin elə bil sahibi yoxdur. Balaca bir dükan işlədir, ikimərtəbəli ev tikir, bahalı maşında gəzir, zəngin həyat yaşayır. Haradan gətirir?! Cibimizdən gedir. Baxan yoxdur. Apteklərdə də qiymətlər od tutub yanır".
Astara rayonunun Seləkəran kənd sakini Əzim Kərimov da ərzaq məhsullarının qiymətlərindən şikayətlənir: "İşləyirəm, 300 manata yaxın əməkhaqqı alıram. Ailədə tək işləyən mənəm. Əməkhaqqı 5 manat artanda ərzaq 7-8 manat artır. Ərzaq məhsullarının qiyməti hər dəfə qalxır".
O deyir ki, ərzaq məhsullarında bahalaşma belə gedirsə, kommunal xidmətlər ucuzlaşdırılmalıdır: "Maaşın müəyyən hissəsi işığa, qaza gedir. Əvvəllər tərəvəz, xiyar, pomidor, həftədə 1 kiloqram ət alırdım, indi mümkün deyil. Çörəyə, soğana, kartofa pul güclə çatır. Pul, əsasən, qaza, işığa gedir".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Qazı gecələr söndürüb gündüzlər yandırıram"
Astara şəhər sakini Əmir Qasımov əlində tutduğu bağlamanı göstərib deyir ki, bazardan təkcə lavaş ala bilib: "Bir həftə bundan əvvəl 70 qəpiyə lavaş almışdım. Bu gün həmin lavaşdan 90 qəpiyə aldım. Həyət yumurtasının bir ədədi olub 50 qəpik. Pensionerəm, 290 manat alıram. Ərzaq məhsullarının qiymətinin qalxması bir yana, kommunal xidmət haqları bizə zərbə vurur. İki yaşlı adamıq, evdə istilik olmalıdır. Qazı gecələr söndürüb, gündüzlər yandırıram. Qaz-neft ölkəsi üçün rüsvayçılıqdır".
Bazarda alıcıdan çox satıcı var. Burada, əsasən, yerli kənd təsərrüfatı məhsulları satırlar. Satıcılar alıcıların az olmasının səbəbini ərzağın bahalaşmasında görürlər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında ərzaq 20 faiz bahalaşıb. Amma müstəqil iqtisadçılar bunun daha yüksək olduğunu düşünürlər. Rəsmilər bahalaşmanı daha çox xarici amillərlə izah edirlər. Onların iddiasına görə, əhalinin gəlirlərində artım inflyasiyanı ümumilikdə üstələyir.