Astara şəhərində sudan şikayətlər var. Halbuki cəmi beş il əvvəl, oktyabrın 15-də "Astra şəhərinin içməli su təchizatı sistemləri" layihəsinin işə düşdüyü elan edilmişdi. Həmin tədbirdə ölkə başçısı da iştirak edib...
Rəsmi açıqlamaya görə, Astara şəhərində 109 kilometr içməli su şəbəkəsi inşa edilib, 4 min 300 su sayğacı quraşdırılıb. Lakin sakinlərin sevinci uzun çəkməyib. Bir müddət sonra yeni çəkilmiş plastmas su borusu partlayıb. Şikayətçilərin iddiasına görə, ildə bir neçə dəfə su xəttində qəza baş verir.
"Elə bil, yollun təmir edilməsini gözləyirdi"
Sakinlərin sözlərinə görə, bir ay bundan əvvəl də şəhərin ərazisindən keçən su xəttində qəza olub. Həmin vaxtdan etibarən şəhərin bir hissəsinin susuz qaldığı söylənir. Şəhər sakini Akif Məmmədov (ad şərtidir) deyir ki, su xətti etibarsızdır: "Bezmişik. Həyətdə su quyusu var, texniki sudur, ondan istifadə etmək məcburiyyətində qalırıq. Hazırda su gəlmir. Heydər Əliyev prospektində yaşayıram, yolun bir tərəfində su var, digər tərəfində yoxdur. Yaxınlıqdan Bakı-Astara yolu keçir. Bu yaxınlarda həmin yola qalın asfalt döşədilər. Sevindik. Su xətti də yolun altından keçir. Yola asfalt döşəyəndən sonra dağıdıb, su borularını dəyişirlər. Elə bil, yollun təmir edilməsini gözləyirdi".
"Həyətdə su quyusu var"
Adının çəkilməsini istəməyən başqa bir sakin isə deyir ki, Lənkəran rayonunun Xanbulan dəryaçasından çəkilən həmin sudan, ümumiyyətlə, istifadə edə bilmir: "Su sayğacı ilə ev arasında yüz metr məsafə var. 200-300 manatı haradan tapıb evə su çəkim? Evdə işləyənim yoxdur. Həyətyanı təsərrüfatla dolanırıq. Həyətdə su quyusu var, ondan istifadə edirik. Qonşulardan eşidirəm ki, su gəlmir. Su xətti normal işləmir".
"Bahadır"
Digər şəhər sakini isə deyir ki, xətdən gələn su baha olduğu üçün ondan istifadə etmir: "Bahadır. İstifadə etsəm, gərək ayda 10-15 manat ödəyəm. Həyətdə olan quyudan su çəkirik, istifadə edirik. Söz yox ki, su keyfiyyətli deyil. Gərək yaxşı qazancın ola ki, Xanbulanın suyundan istifadə edəsən".
Şəhər sakini Nəcməddin Məmmədov da suyun verilməsində problemlərin olduğunu söyləyir: "Başımız ağrıyır. Bir də görürsən ki, su kəsildi, hansısa xətdə su sızır. Bir dəfə bir aya yaxın susuz qaldıq. Bu, axı təzə xətdir. Nə üçün dağılmalıdır?".
"İndi hansı zəmanədır..."
İctimai fəal, ixtisasca mühəndis olan Asən Həşimli isə içməli su xəttində tez-tez qəzaların olmasını təsadüfü saymır: "Su Lənkəranın Xanbulan dəryaçasından gəlir, 29.2 kilometr uzunluğunda magistral su xətti çəkilib. İstifadədən az müddət keçir, amma hər il su xəttində qəzalar baş verir. Mən belə hesab edirəm ki, basdırılan su boruları lazımı keyfiyyətdə deyil. Hazırda neçə gündür ki, Astara şəhərinin ərazisində su xəttini dəyişməklə məşğuldurlar".
Onun sözlərinə görə, su gəlməyəndə çoxmərtəbəli yaşayış binalarında vəziyyət pisləşir: "Suyun təzyiqinin azalması müşahidə olunur, bulanıqdır. Astara şəhəri şərqin qapısıdır. Əhalisinin sayı 20 min nəfərə yaxındır. Yayda turistlərin hesabına əhalinin sayı artır. İndi hansı zəmanədır, əhali su quyusundan istifadə edir? Texniki sudur.... Su xətlərinin təmiri günlərlə, həftələrlə davam edir".
"Təmir işləri bir-iki günə başa çatacaq"
Astara Su-Kanal İdarəsinin müdiri Anar Baxşiyev isə su xəttində təmir işlərinin getdiyini desə də, əhaliyə suyun verilməsi ilə bağlı problemin olmadığını söyləyir: "Təmir işləri bir-iki günə başa çatacaq. Təmir dövlət səviyyəsində aparılır. Hər yerdə su var, su gəlmir söhbəti yoxdur. Sizdə su gəlmirsə, ünvanı deyin, gəlib yoxlasınlar".
"Təzyiq verən kimi borular partlayır"
Astara rayon İcra Hakimiyyətindən də bildirildiyinə görə, layihənin işə düşməsindən altı ay keçəndən sonra plastmas su boruları partlayıb: "Dördmərtəbəli yaşayış binalarına su qalxmırdı. Əhali də bundan əziyyət çəkir. Müvafiq orqanlara, o cümlədən Nazirlər Kabinetinə bununla bağlı müraciət etmişik. Normal təzyiq verən kimi borular partlayır. Ona görə boruları hissə-hissə əvəzləyirlər".
Yazıda səslənən fikirlərə layihəni gerçəkləşdirən qurumun təmsilçilərindən münasibət almaq mümkün olmayıb. Rəsmi qurumlardan, hələlik, onlarla bağlı dəqiq bilgi almaq cəhdləri nəticə verməyib.