Astarada İrana getmək istəyən maşınlar uzun növbə gözləyir

Astara yük terminalı. 13 mart 2018

Bu gün, martın 13-də Astara yük terminalının önündə İrana getmək istəyən onlarla yük maşını növbə gözləyir.

Adının çəkilməsini istəməyən bir sürücünün deməsinə görə, iki gündür ki, növbədədir.

Sürücü vurğulayır ki, yük maşınları, əsasən, Rusiyaya və Azərbaycana məxsusdur: ​«İran tərəfi özlərinə məxsus yük maşınlarını fasiləsiz olaraq əraziyə buraxır. Digər yük maşınlarını isə gecikdirirlər...».

«Biz tərəfdən problem yoxdur»

Astara yük terminalından isə bildirdilər ki, son günlərdə İrana getmək istəyən yük maşınların sayı çoxalıb.

Astara yük terminalı. 13 mart 2018

«Martın 11-də gün ərzində 254, martın 12-də isə 205 yük maşını İrana buraxılıb. Çatdırmaq olmur. Əsasən Rusiya maşınlarıdır, tərəvəz daşıyırlar. İlin bu vaxtında İranda faraş tərəvəz (vaxtından əvvəl yetişdirilən-red.) yetişir. Ona görə də yük maşınlarının sayı artır. İran tərəfi neçə saat işləyirsə, Astara gömrüyü da o qədər işləyir. Biz tərəfdən problem yoxdur», - deyə terminaldan bildiriblər.

Məsələyə hələlik Astara Gömrük İdarəsi və Dövlət Gömrük Komitəsindən münasibət öyrənmək mümkün olmayıb.