Astarada inəklər kütləvi tələf olub

Heyvandarlıq ferması

Astara rayonunun Suparibağ kənd ərazisində yerləşən heyvandarlıq fermasında inəklər kütləvi şəkildə tələf olub.

Bu barədə sahibkar Şaban Məmmədov məlumat verib:

«85 inəyim bir gündə öldü»

«10 ildir ki, mal-qara saxlayıram. Həmişə eyni qayda ilə inəklərə xidmət edirik, onlar xəstələnəndə dərman veririk. Dərmanı da baytarlıq aptekindən alırıq. Bu dəfə gənəyə qarşı inəkləri işçilər dərmanladılar. Dərmanlayandan sonra 85 inəyim bir gündə öldü. Bu hadisə oldu srağagün, avqustun 20-də. Təxminən 50-60 min manat mənə ziyan dəyib. Bu gün avqustun 22-dir. Bu gün də Şuvaş kəndində 9 baş inək xəstəlikdən tələf olub. Bəs onlar nədən ölüb? Xərc çəkib tələf olunmuş inəkləri də basdırmalı olduq. Heç onları da dərmanlamadılar».

İnəklər sığorta edilməyib

Sahibkar deyir ki, mal-qaranı sığortalamayıb:

«Haradan bilək? Bu barədə izahat işləri aparılmır. Qurban bayramından sonra müvafiq təşkilatların rəhbərlərinə müraciət edəcəyəm».

H.Baxşiyev

Təsərrüfatda çalışan Hilal Baxşiyevin sözlərinə görə, inəklərə həmişə yüksək səviyyədə xidmət göstərilib:

«Biz nə bilək ki, inəklər 2-3 saat ərzində öləcək? Dərmanladılar. İnəklər dəli kimi çölə qaçdılar. Sonra da bir-bir yerə dəydi, tələf oldu. Cəmi fermamızda 125 inək var idi. Qoyun da saxlayırıq. 30-35 inək qalıb. Zəhmət çəkmişdik, saxlamışdıq. Nəticə də bu...».

Baytarlıq Xidməti nə deyir

Astara Rayon Dövlət Baytarlıq Xidmətinin rəis əvəzi Mübariz Axundov da deyir ki, mal-qaranı dərmanlayarkən səhlənkarlığa yol verilib:

Heyvandarlıq ferması

«Dərmandan dozadan artıq istifadə edilib. Nəticədə zəhərlənmə gedib, inəklər ölüb. Siqnal alan kimi buraya gəldik, tədbirlər gördük. İnəklərin bəzilərini xilas edə bildik. Bu, böyük təsərrüfatdır. Özünün baytar həkimi olsa, yaxşıdır, vaxtında tədbir görə bilsinlər. Analızlər laboratoriyaya göndərilib, rəydən sonra biləcəyik ki, nə baş verib. Tələf olan inəklər dərmanlanaraq basdırıldı».

Rəis əvəzinin deməsinə görə, baytar həkimlərinə böyük ehtiyac var:

«Rayon üzrə 11 baytar məntəqəsi var. Hər məntəqədə iki nəfər işləyir. Ali təhsilli baytar həkimimiz azdır. Sovet dövründə təkcə bir sovxozun heyvandarlıq fermasında, mal-qaranın sayına görə 3-4 baytar həkimi olardı. İndi rayonda təkcə iribuynuzlu mal-qaranın sayı 40 mini ötür. Baytar həkimlər isə azdır».

Biz fermada olarkən Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin nümayəndəsinə də rast gəldik. Onun fikrincə də, inəklərin dərmanlanmasında dozadan artıq istifadə edilib.

Zibilxana

Zibillik

Heyvandarlıq fermasının yaxınlığında böyük bir zibil yerləşir. Oradan üfunət iyi ətrafa yayılır. Hər tərəfi açıq olan zibillikdə inəklər də gözə dəyirdi. Zibillikdə şüşə qablar toplayan bir kənd sakini gördük. Onun deməsinə görə, hər gün heyvanlar, itlər zibilliyə baş çəkir...