Astara şəhər sakini, 60 yaşlı Əlifağa Quliyev ayaqqabı təmir edir.
El arasında ona “pinəçi” də deyirlər. Şəhərin “İstiqlal” küçəsində icarəyə götürdüy balaca bir köşkü də var. İşini isə əsasən səkinin üstündə görür. Dediyinə görə gəlib-gedənlərin diqqətini çəkmək istəyir:
“Ayaqqabısını qoyub burda, təmir etmişəm, aparmır”
“1972-ci ildən sərasər işləyirəm.Yetimlərdən, imkansız uşaqlardan işimə görə pul almamışam. Amma bəribaşdan deyirəm, bu sənətlə adam kimi dollanmaq çətindir. Camaatda pul yoxdur. Ayaqqabısını qoyub burda, təmir etmişəm aparmır. Gedir mağazından da nisyə alır. Orada da pul verə bilmir.”
Əsgər yanına getmək istəyən ata
Sözünə ara verir. Sonra əlindəki ayaqqabının yamaqlarını göstərib deyir ki, əsgər atasınındır:
“ Uşağın yanına getmək istəyirdi.Yaxşı ayaqqabısı yox idi. Özünkünü aldım təmir üçün, köhnədən qalma ayaqqabını ona verdim. Çox sevindi. Bütün kəndlərdən gəlirlər ...Təmirə verdikləri ayaqqabıları gəlib aparmırlar. 3-4 manat pulu yoxdur ki, aparsın. Nə qədər tozunu siləcəyəm? Pul verən yoxdur. Razıyam nisyə olsun...Çox vaxtı qiymət demirəm.1 manat da verən olur.”
“ Varlının burda nə işi var? ”
Ə. Quliyev deyir ki, müştəriləri əsasən kasıblardır:
“ Varlının burda nə işi var? Sovet dövründə kasıb da gəlirdi, varlı da. İndi elə deyil. Ayaqqabı kasıb üçün bir problemdir. Biz özümüz də kasıbların hesabına yaşayırıq. Ona görə kasıbıq. Bütün sənətkaralar belədir.”
“ Ayaqqabıdan o adamın xarakterini müəyyənləşdirə bilirəm”
Onun fikrincə əsas problem əhalidə pulun olmamsıdır:
“ Camaatda pul yoxdur. Pensiya azdır, münasib iş yoxdur. Bu gün cəmi 3 manat qazanmışam.Təmir etdiyim ayaqqabı yenə var.Gəlib aparsalar, onlar da 5-6 manat verərlər. Ayaqqabıdan o adamın iqtisadi vəziyyətini və müəyyən qədər xarakterini müəyyənləşdirə bilirəm. 90-cı illərdə insanlar daha aktiv idilər. İndi yox. Biri xəstələnəndə qonşusu gecələr yalandan işıqları söndürür, onu narahat etməsinlər. İnsanları çörəklə imtahana çəkirlər. Hanı neftimiz, hanı qazımız? Bu tərəfdən də gündə bahalaşma.”
“İndi bu sənəti öyrənmək istəyən cənc yoxdur”
O deyir ki, kasıb adamlar tez qocalır:
“Elə mən, 60 yaşım var, 80 yaşlı qocaya oxşayıram. ( Əslində isə o yaşına görə heç də qoca görünmür-R).Kasıb erkən qocalır. Bir nəfər səkidən gedirdi, ayaqqabısı nə gündə... Çağırdım. Ayaqqabısnın içındə kağız, pambıq, poletilen, nə bilim nə... Bir təhər təmir edib özünə verdim. Üzündə sevinc əlamətləri belə yox idi. Dedim özünə ayaqqabı al. Sözüm ağzımda qaldı. Dedi pensiyamın hamısı dərmana gedir. Dərman olmasa ölərəm. İndi əksər kasıblar ayaqqabını evdə təmir edirlər. Özləri yamaq qoyurlar. Ona görə də “Pinəçi” sənəti bizdən sonra rayonda olmayacaq. Sovet dövründə yanımda təcrübə keçən cənclər olub. Çünki bizə aylıq əmək haqqı veriridilər. İndi bu sənəti öyrənmək istəyən cənc yoxdur. Bərbərliyi öyrənmək istəyən cavanlar var, amma bizim sənətdə yoxdur.”
Əlini işdən çəkib üzümə baxır, nahar etmədiyini söyləyir. O vurğulayır ki, dərs ili yaxınlaşıb, insanların da qayğıları artıb:
“Dərs ilin başlanmasına az qalıb. Kasıb ailələr məktəbli uşaqların keçən ilki ayaqqabılarını gətirib təmir etdirirlər. Elə məktəbli ayaqqabısı var, heç təmirə gəlmir. Bir valideyin deyirdi ki, uşağa tapşırıram ayaqqabını yerə çox sürtməsin, dağılır. Günah uşaqda deyil, özümüzdədir...”