Qırğızıstanda keçmiş prezidentin tərəfdarları ilə toqquşmada bir polis öldürülüb

Almazbek Atambaev iqamətgahına hücum zamanı

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaevin tərəfdarları ilə onu həbs etməyə çalışan xüsusi təyinatlılar arasında baş vermiş döyüşdə bir polis zabitinin öldürüldüyü xəbər verilir.

Milli Təhlükəsizlik Xidmətinin seçmə qüvvələri Atambaevin iqamətgahına hücum əməliyyatı keçirmişdi.

Paytaxt Bişkekdəki xəstəxanalardan biri Atamabaevi həbs etməyə çalışan polislərdən birinin öldüyünü təsdiq edib.

Keçmiş prezident Almazbek Atambaev Qırğızıstan Daxili İşlər Nazirliyinin çağırışlarına gəlməkdən imtina edirdi.

O bundan əvvəl həbsinin gözlənildiyi vaxt Rusiya hərbi bazasından xüsusi təyyarə ilə Moskvaya uçmuş, orada yaxşı münasibətlərdə olduğu Vladimir Putinlə görüşmüşdü.

Səhiyyə Nazirliyi bildirib ki, 14 polis də daxil olmaqla son toqquşmada 35 nəfər xəsarət alıb.

AzadlıqRadiosunun hadisə yerində olan müxbirləri atışma səslərinin hələ də davam etdiyini bildirirlər.

Onalrın dediyinə görə 62 yaşlı Atambaevin həbs olunub-olunmadığı bilinmir.

***

Qırğızıstandan alınan son xəbərlərdə deyilir ki, ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı qüvvələri keçmiş prezident Almazbek Atambayevin iqamətgahına hücum əməliyyatı keçiriblər, lakin əməliyyat uğursuzluqla başa çatıb.

Atambaevin iqamətgahı paytaxt Bişkekin yaxınlığındakı Köy Taş məntəqsində yerləşir.

Ən son məlumatlara görə keçmiş prezident iqamətgahının otaqlarından birində barrikada qura bilib.

Eyni zamanda Atambaevin tərəfdarları iqamətgahın hasarlarından birini yıxaraq əraziyə daxil olublar.

Bu da xəbər verilir ki, onlar prezidenti həbs etməyə çalışan xüsusi təyinatlılardan bəzilərini tərksilah edərək onları bərk döyüblər.

Atambaevin qərargahı bildirir ki, prezident hələ də öz iqamətgahındadır və tezliklə tərəfdarlarına müraciət etməyi planlaşdırır.

Keçmiş prezident Atambaevin iqamətgahı yanır

Şahidlər keçmiş prezidentin iqamətgahı yerləşən şəhərcikdə yanğın baş verdiyini deyirlər.

Gecə yarısından sonra Köy Taşda internetin və mobil rabitənin söndürüldüyü xəbər verirlir.

Bu arada Qırğızıstan hökuməti keçmiş prezident Almazbek Atambaevi həbs etməyə çalışdığını bildirib.

Bəzi məlumatlara görə hökumət Köy Taşa üç avtobusda əlavə olaraq xüsusi təyinatlılar göndərib.

***

Qırğızıstanın xüsusi təyinatlı qüvvələri keçmiş prezident Almazbek Atambaevin yaşadığı şəhərciyə hücum əməliyyatına başlayıblar.

Keçmiş prezident mahiyyəti məlum olmayan ittihamlarla bağlı Daxili İşlər Nazirliyinə gəlməkdən imtina edirdi.

Jurnalist Mirbek Aitikeevin Facebook səhifəsində avqustun 7-də aparılmış canlı yayımda maskalı xüsisusi təyinatlıların Köy-Taş kəndində yerləşən şəhərcikdəki binalardan birinə daxil olduğu görünür.

Bu da xəbər verilri ki, şəhərciyə hücum əməliyyatının davam etdiyi bir vaxtda Atambaev tərəfdarları ilə görüşürdü.

Videoda onun xüsusi təyinatlılar tərəfindən aparıldığı görünür.

Əməliyyatın keçirildiyi vaxt güllə səsləri eşidilirdi. Bundan başqa video görüntüsündə ayağından yara aldığı görünən bir nəfər də var idi.

Keçmiş prezident Atambaevin bir sıra yoldaşları korrupsiya ittihamları ilə həbs olunub.

Atambaevin özünə qarşı isə 2011-2017-ci illərdə prezident olduğu dövrdə törətdiyi iddia olunan əməllərə görə 5 ittiham irəli sürülüb.

O səlahiyyətlərindən sui-istifadədə, korrupsiyada və qanunsuz varlanmaqda ittiham olunur.

Atambaev özünə qarşı bütün ittihamları rədd edir və bildirir ki, ittihamlar siyasi motivlidir.

O indiyədək Daxili İşlər Nazirliyinin çağırışlarından imtina edib.

Qırğızıstan qanunlarına görə hüquq-mühafizə orqanlarının iki çağırışına cavab verməyən şəxs dindirmə üçün məcburi qaydada saxlana bilər.

Atambaevin vəkili Sergei Slesarev deyib ki, Qırğızıstan qanunvericiliyinə keçmiş prezidentlərin statusu barədə qanuna ötən mayda edilmiş düzəliş qanunsuzdur.

Ötən may ayında Qırğızıstan qanunlarına edilən dəyişikliklər Atambaevi toxunulmazlıqdan məhrum edib.

Bu qanun dəyişikliyinə Qırğızıstan millət vəkillərinin əksəriyyəti səs verib.