Atası: 'Rafaelin cəzası bitib, buraxılmır'

Rafael Hüseynzadə, Bakı, 25 yanvar 2019

Məhkəmə iki fərqli qərar çıxarıb?

İctimai fəal Rafael Hüseynzadənin inzibati həbsi haqqında iki məhkəmə qərarının olduğu iddia edilir.

Bu barədə AzadlıqRadiosuna danışan R.Hüseynzadənin vəkili Cavad Cavadovun sözlərinə görə, qərarların hər ikisi eyni məhkəmədə çıxarılıb: «Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun qərarına görə, R.Hüseynzadə İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilinərək 15 sutka inzibati həbs edilib. Qərar elektron məhkəmə sisteminə daxil edilib və bizə təqdim olunub. Həmin qərarı sistemdə dəyişmək olmur və o, orijinal qərarla eyni qüvvəyə malikdir. Biz bu qərardan apellyasiya şikayəti vermişik. Sumqayıt Apellyasiya Məhkəməsi qərarı dəyişmədən qüvvədə saxladı. Bugün, sentyabrın 23-də isə məlum olub ki, hakim V.Həsənov polis əməkdaşlarına başqa qərardan çıxarış verib. Həmin qərarda R.Hüseynzadəyə 30 sutka inzibati həbs verildiyi göstərilib».

Vəkil əlavə edib ki, R.Hüseynzadə hələ də azadlığa buraxılmayıb: «Baxmayaraq ki, bizə verildiyi qərara görə, o, sentyabrın 17-də azadlığa buraxılmalı idi. Məsələ ilə bağlı mən Ombudsman Aparatına, Məhkəmə-Hüquq Şurasına şikayət vermişəm».

Vəkilin bu dediklərinə, hələlik, Abşeron Rayon Məhkəməsindən, Ombudsman Aparatı və Məhkəmə-Hüquq Şurasından münasibət almaq mümkün olmayıb.

+++

İctimai fəal Rafael Hüseynzadənin inzibati həbs müddəti başa çatsa da azadlığa buraxılmadığı deyilir. Bu barədə AzadlıqRadiosuna R.Hüseynzadənin atası Füzuli Hüseynov bildirib:

“Bu il sentyabrın 2-də Rafaelə Abşeron Rayon Məhkəməsi 15 günlük inzibati həbs cəzası verib. Sentyabrın 17-də bu 15 günlük müddət başa çatıb.Bu gün sentyabrın 21-dir, cəza müddətindən artıq 4 gün keçib, Rafael, hələ də azadığa buraxılmayıb”.

F.Hüseynov deyir ki, bunun səbəbini öyrənə bilməyib:

“Amma məlum olan budur ki, R.Hüseynzadə, hələ də Binəqədi Müvəqəti Saxlama Təcridxanasında saxlanır və başqa hər hansı bir yerə aparılmayıb. Görünür bu da məsələyə “azərbaycansayağı” yanaşmadır”.

Vəkil Cavad Cavadlı-nın bildirməsinə görə isə, sentyabrın 20-də Sumqayıt Apellyasiya Məhkəməsi hakim Elman Əhmədovun sədrliyi ilə Rafael Hüseynzadənin apellyasiya şikayətinə baxıb və şikayət təmin edilməyib.Vəkil özü prosesdə iştirak edə bilməyib.

Amma C. Cavadlı Abşeron Rayon Məhkəməsi-nin elektron-məhkəmə saytında yerləşdirilmiş qərarın foto surətini də dərc edib.
Bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və sözü gedən məhkəmələrdən münasibət almaq mümkün olmayıb.

F. Hüseynov sentyabrın 3-də bildirmişdi ki, oğlunu polis idarəsinin qarşısında səs-küy salaraq ictimai qaydanı pozmaqda günahlandırıblar.

Rafael Hüseynzadə avqustun sonlarında polisi süründürməçilikdə qınayaraq və işə qəbul edilməməsini səbəb göstərərək Bakının Nəsimi rayonu ərazisində təkbaşına aksiya keçirdiyini açıqlayıb. Ailəsi Hüseynzadənin həbsinin bununla əlaqəli olduğunu iddia edir.

"Rafael Hüseynzadə bir ay öncə Abşeron rayonunun Məhəmmədli kəndində təzyiqə məruz qalıb, xəsarət alıb. O polisə şikayət edib, ekspetizadan keçib.Sentyabrın 2-də sahə müvəkkili Rəfael Hüseynzadəni zərərçəkən qismində Abşeron rayon Polis İdarəsinə dəvət edib. Beləliklə o polisdə saxlanılıb və məhkəmə barəsində inzibati həbs qərarı verib” F. Hüseynov bildirib.
Onda da bu məsələyə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Xatırlatma

R.Hüseynzadə ondan öncə isə 2019-cu il yanvarın 25-də və martın 2-də “siyasi məhbuslara azadlıq” şüarı ilə təkbaşına aksiya keçirdiyini bəyan edərkən saxlanmışdı. O, inzibati hüquq pozmada günahlandırılaraq sutkalığ həbs cəzaları almışdı.
Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini isə qəbul etmirlər.

R. Hüseynzadənin atası, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Füzuli Hüseynov da bundan əvvəl bir neçə dəfə Bakıda metro stansiyaları önündə təkbaşına dayanaraq siyasi şüarlar səsləndirib.Ona da bir neçə dəfə inzibati həbs cəzaları verilib.