Beynəlxalq müşahidəçilərin ilkin rəyi hakimiyyəti niyə qəzəbləndirdi?

Beynəlxalq müşahidəçilərin mətbuat konfransı, 12 aprel, 2018

Beynəlxalq müşahidə missiyasının növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatı Azərbaycanda birmənalı qarşılanmadı.

Siyasi hakimiyyət onu “qərəzli” adlandırır, hətta rəyin öncədən hazırlandığını iddia edir. Hətta hakimiyyətyönlü medianın nümayəndələri rəyi açıqlayan müşahidəçilərə hücum etməkdən belə özlərini saxlaya bilmədilər.

Mərkəzi Seçki Komissiyası (MSK) bəyanatında beynəlxalq missiyanın hesabatında “obyektivlik, qərəzsizlik, balanslılıq və peşəkarlıq kimi prinsiplərin pozulmasının açıq müşahidə edildiyini”, “özündə çoxsaylı daxili ziddiyyətləri əks etdirdiyini” qeyd edir.

Qurum hesab edir ki, belə yanaşma missiyanın obyektivliyinə və qərəzsizliyinə ciddi kölgə salır, “müşahidə missiyasının yekun hesabatında çoxsaylı uyğunsuzluqların aradan qaldırılacağına” ümid edir. “Əks halda, MSK böyük təəssüf hissi ilə bildirir ki, nümayəndələri sözügedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq”, – bəyanatda deyilir.

Seçki məntəqələrinin 58 faizində…

Seçkini boykot edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə onu “obyektiv, sanballı” adlandırır, qurumun indiyə qədər hazırladığı hesabatlar arasında “ən sərt” olduğunu düşünür.

Müşahidə Missiyası seçkinin “məhdudlaşdırıcı siyasi mühitdə”, “həqiqi rəqabət mühiti olmadan” keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin İlham Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edir.

Hərçənd öncəki seçkilərdə Beynəlxalq Müşahidə Missiyası yekun hesabatında açıq bəyan etməsə də, seçkinin baş tutmasını bütünlükdə sual altına qoyurdu. 2013-cü il seçkilərindən sonra qurumun yekun hesabatında deyilirdi: “Səslərin hesablanması xeyli dərəcədə mənfi hallarla səciyyələnmiş, müşahidə olunan seçki məntəqələrinin 58%-də pis və yaxud çox pis kimi dəyərləndirilmiş və bu prosesdə ciddi problemlərin mövcudluğunu nümayiş etdirmişdir”.

Və ya hesabatlardan birində Azərbaycan xalqının hakimiyyəti seçki yolu ilə dəyişdirmək hüququnun əlindən alındığı qeyd olunurdu.

“Hesabat niyə yumşaqdır?”

Təkcə iqtidarla müxalifətdə deyil, təhlilçilər arasında da budəfəki hesabata münasibət birmənalı deyil.

Siyasi təhlilçi Rauf Mirqədirov beynəlxalq müşahidə missiyalarının hazırladığı ilkin və ya yekun hesabatların hakimiyyəti heç zaman qane etmədiyini bildirir.

Rauf Mirqədirov

O hətta 2003-cü il prezident seçkilərindən sonra müşahidəçilərin tənqidlərinin daha kəskin qarşılandığını, onların satın alınması haqda ehtimalların ilk dəfə o zaman səsləndiyini yada salır.

“İndiki hesabat niyə yumşaqdır? İndiki seçki istər yerli, istərsə də xarici oyunçuların maraqlarına cavab verir. Şərti olaraq aparıcı adlandırdığımız müxalifət seçkiyə qatılmadı və hakimiyyət bunun üçün ona gözəl fürsət verdi. O da bir-iki mitinq keçirdi, nəticədə daha az adam tutuldu, daha az zərbə aldı və sair. Xariciləri qane edən odur ki, seçki standart rejimdə keçirilsəydi, daha çox resurs cəlb edilməliydi, daha çox əsəb, güc qoyulmalıydı və bu havayı xərclər olacaqdı. Çünki indiki halda Azərbaycanda dəyişiklik mümkün deyil. İkincisi də, dünyanın diqqəti daha ciddi problemlərə yönəlib”, – Rauf Mirqdərov izah edir.

Anar Məmmədli: “Sonuncu hesabatda səsvermə gününə daha az yer ayrılıb”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də ötən seçkilərlə bağlı hesabatların fərqli, bəlkə daha kəskin tonda olduğunu deyir. Amma bunu da qeyd edir ki, zamanla ATƏT-in metodologiyası da dəyişərək təkmilləşir, eyni zamanda, quruma üzv dövlətlər, Rusiya başda olmaqla, Qazaxıstan, Azərbaycan hakimiyyətləri seçki müşahidə missiyalarını tənqid etdiklərindən onlar da maksimum balansı qorumağa çalışırlar. Bununla belə, mütəxəssis qurumun hazırladığı rəylərin, hesabatların reallıqları əks etdirdiyini düşünür.

O, son iki prezident seçkisindən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının açıqladığı ilkin rəylərini müqayisə edir. Və iki hesabat arasında kəskin fərq olduğunu düşünmür:

“Hər iki rəyi tutuşduranda aşağı-yuxarı eyni qaydada siyasi azadlıqların pozulması, seçki dövründə plüralizmin boğulması, medianın basqılar altında çalışması ilə bağlı məqamlar yer alıb. Ancaq sonuncu hesabatda əvvəlki hesabatdan fərqli olaraq seçki gününə daha az yer ayrılıb. Bunun bir sıra səbəbləri var. Səbəb son seçkidə qısamüddətli müşahidəçilərin az olmasıdır, məncə. Müşahidəçilər nə qədər çox olarsa, bir o qədər çox məntəqə gəzərək bol informasiya toplamaq imkanları olur. İkincisi, 11 aprel seçkisində alternativ seçki mühiti olmadığından, hakim siyasi partiyanın namizədinin elə bir qayğısı olmadığından yerli icra hakimiyyətləri onun xeyrinə seçki məntəqələri daxilində daha az sayda nöqsanlara yer veriblər. Və ya belə deyək, maksimum çalışıblar ki, seçki günü ilə bağlı prosesi gərginləşdirməsinlər. Bundan başqa, onlar bir qədər hazırlıqlı olublar, beynəlxalq müşahidəçilərin baş çəkdikləri məntəqələrdə pozuntuların olmamasına çalışıblar. Nəhayət müxalifətdən alternativ namizədin olmaması beynəlxalq seçki müşahidəçilərinə məlumat ötürən mənbələrin sayının azlığına səbəb olub. Bu baxımdan sonuncu hesabatda seçki günü ilə bağlı məlumatlar bir qədər az yer alıb”.

Anar Məmmədli

Bununla belə, Anar Məmmədli 11 aprel seçkisi ilə bağlı ATƏT müşahidəçilərinin ilkin rəyini bəyənir. O bu sənədin girişində seçki dövründə siyasi azadlıqların pozulması hallarının, rəqabətli seçki mühitinin olmadığının və gerçək seçki şəraitinin yaradılmadığının vurğulandığını qeyd edir:

“Bu, çox önəmlidir. 2013-cü il seçkiləri ilə müqayisədə daha fərqli durumdur. Çünki ötən prezident seçkilərində rəqabət, alternativ vardı, kampaniya iki şəxsin – müxalifətdən Cəmil Həsənli və hakimiyyətdən İlham Əliyevin arasında gedirdi. Bu seçkidə belə rəqabət olmadı. Bunu da ATƏT müşahidəçiləri çox gözəl müəyyən etmişdilər”.

“Hakimiyyət daxilə hesablanmış şou nümayiş etdirir”

Hakimiyyətin reaksiyasına gəlincə, AzadlıqRadiosunun hər iki müsahibi əmindir ki, hakimiyyət daxili publikaya hesablanmış şou nümayiş etdirir.

Rauf Mirqədirov deyir ki, bu gün iqtidarın daha kəskin mövqe sərgiləməsinə imkan var: “Və bu reaksiya beynəlxalq aləmə hesablanmayıb. Bu, daxili publika üçündür. Düzdür, ATƏT müşahidəçilərinə hücum biabırçı səhnə idi. Azərbaycanın imicinə ziyandır. Ancaq bu hadisə indiki dünyanın gündəmində bir gün belə qalmır. İndi dünya başqa problemlərə fokuslanıb, Yaxın Şərqdə qarşıdurmalar var, qlobal müharibə təhlükəsi var. Bu çərçivədə Azərbaycanda ATƏT müşahidəçilərinə hücum xırda hadisədir”.

Anar Məmmədli isə hakimiyyətin reaksiyasını tənqid olunmaq istəməməsi ilə izah edir: “Xüsusən də ölkə ictimaiyyəti qarşısında bu rəyi gözdən salmağa çalışırlar”.

Ancaq seçki mütəxəssisi ATƏT müşahidəçilərinin ilk baxışda tənqidləri ilə razılaşmayan hakimiyyətin onların dediklərini nəzərə aldığı qənaətindədir: “ATƏT-in hesabatında deyilirdi ki, İlham Əliyev təbliğat aparmayıb, seçicilərlə görüşməyib. Həmin hesabat açıqlanan günün axşamı İlham Əliyev ilk dəfə seçicilərlə görüşdü. Məncə, bu hesabatın nəticəsi idi”.

Bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Əsas müxalifət partiyaları seçkilərə qatılmayıb.

Həm yerli, həm də beynəlxalq tənqidçilər seçkinin rəqabətli mühitdə keçmədiyini qeyd ediblər.