Avropa həmməruzəçiləri Azərbaycan nümayəndələri ilə təmasda olacaqlar

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti fevralın 23-dən 25-dək Azərbaycanın Yerli Özünüidarəyə dair Xartiyaya necə əməl etdiyini monitorinq edəcək.

Azərbaycanda yerli və regional demokratiya üzrə həmməruzəçilər - Bernd Vöringer (Almaniya) və Stüart Dikson (Britaniya) Azərbaycanda bu sahədə 2012-ci ildən bəri görülmüş işləri nəzərdən keçirəcəklər.

Azərbaycanda son monitorinq məhz həmin ildə olub.

Pandemiya ilə bağlı bu tədbir internet üzərindən həyata keçiriləcək.

Həmməruzçilər Konqresdəki Azərbaycan nümayəndə heyəti, yerli və regional hakimiyyət nümayəndələri, Milli Məclisin deputatları, Konstitusiya məhkəməsinin təmsilçiləri və Azərbaycanda İnsan Haqları üzrə komissarla təmasda olacaqlar.

Onlar habelə ədliyyə nazirinin müavini, bələdiyyələrlə iş üzrə mərkəzin başçısı, Bakı şəhər meriyası ilə danıqıqlar aparacaqlar.

Bu təmaslar əsasında hazırlanmış hesabat Monitorinq Komitəsinə təqdim olunacaq.

Azərbaycan Yerli Özünüidarəyə dair Avropa Xartiyasını 2002-ci ildə imzalayıb.

Bu sənədi imzalamış ölkələr onun icra olunmasına cavabdehdirlər.