Moskvanın Avropa Demokratiya Fondunu qara siyahıya salması pislənir

Rusiya Baş Prokurorluğu

Avropa İttifaqı Rusiyanın Brüsseldə mənzillənmiş Avropa Demokratiya Fondunu (ADF) bu ayın əvvəllərində “arzuolunmaz” təşkilat elan etməsi qərarını qətiyyətlə rədd edib.

Avropa İttifaqı martın 27-də verdiyi bəyanatda Rusiya hakimiyyət orqanlarını ADF-i sözü gedən “qara siyahıdan” çıxarmağa çağırıb.

Bəyanatda deyilir ki, ADF Avropa İnsan Haqları Konvensiyasında da təsbit edilmiş dəyər və prinsipləri təmsil edir.

ADF Avropa İttifaqı təsisatları ilə üzv ölkələrin birgə təşəbbüsü əsasında yaradılmış qurumdur.

Martın 11-də Rusiya Baş Prokurorluğu bildirib ki, ADF “arzuolunmaz” təşkilatların siyahısına daxil edilir.

Prokurorluq iddia edirdi ki, qurum Rusiyanın konstitusiya sisteminə və təhlükləsizliyinin əsaslarına hədə təşkil edir.

Rusiyada 2015-ci ildə qəbul edilmiş qanun ölkə prokurorlarına onların qənatinə görə Rusiyanın milli maraqlarına təhlükə yaradan təşkilatları qara siyahıya daxil etmək səlahiyyəti verir.

Buna da bax: ‘Demokratiyadan məyusluq’ bütün dünyada rekord səviyyədə artıb

Bununla əlaqədar olan başqa qanunlar isə xarici mənbələrdən maliyyə alan və Rusiya ərazisində siyasi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatlarından “xarici agent” kimi qeydiyyatdan keçmələrini tələb edir.

Sözü gedən bəyanatında Avropa İttifaqı Rusiyanı habelə 2015-ci il qanununa yenidən baxmağa və “Rusiyada vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə xidmət etdiklərinə görə fəaliyyətlərini dayandırmağa məcbur edilmiş” bütün beynəlxalq və xarici donor təşkilatların adlarının qara siyahıdan çıxarılmasına çağırıb.

Bəyanatda deyilir ki, Rusiyanın “arzuolunmaz” təşkilatlar haqqında qanunvericiliyi ölkənin vətəndaş cəmiyyətinin, müstəqil medianın və siyasi müxalifətin hüquqlarının məhdudlaşdırılmasına xidmət edir.