Avropa Komissiyasının Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünə dair illik hesabatı "ədalətsiz və qərəzlidir". Bunu Türkiyənin Xarici İşlər Nazirliyi bildirib.
Aİ icraedici qanadının noyabrın 8-də açıqladığı hesabatda Türkiyə demokratik standartlar, hüququn aliliyi, insan haqları və məhkəmənin müstəqilliyi sahələrində "ciddi" geriləməyə görə tənqid olunur.
"Özəlliklə də siyasi kriteriyalar, məhkəmə və Fundamental Hüquqlar Xartiyası üzrə əsassız iddiaları və ədalətsiz tənqidləri qətiyyətlə rədd edirik", – nazirlik bəyanatında bildirir.
Komissiya bildirir ki, Türkiyə terrorçuluqla mübarizəsində hüququn aliliyi, insan haqları və fundamental azadlıqlar prinsiplərinə əməl etməyib.
Türkiyə XİN-in mövqeyinə görə, iddialar ədalətsizdir, Aİ-nin yanaşmasında qeyri-səmimiliyi və aşkar ikili standartı üzə çıxarır, fundamental hüquq məsələləri hətta Aİ üzvləri arasında belə mübahisə yaradır.
Komissiyanın hesabatında məqsəd Türkiyənin Aİ üzvlüyü üçün standartlar yönündə proqresi dəyərləndirməkdir.
"Reuters" yazır ki, bu sənəd immiqrasiya, son bir ayda isə Qəzzada İsraillə HƏMAS radikal qruplaşması arasında müharibədən dolayı problemlər ortaya çıxmış münasibətləri daha da gərginləşdirə bilər.
Ankaranın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar 2005-ci ildə başladılsa da, illərdir dondurulub.