Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 30-da Azərbaycandan göndərilmiş ərizələrlə bağlı 10 yekun qərardadını elan edib. Onlardan bəziləri siyasətçilərin şikayəti ilə bağlıdır.
Bu barədə hüquqşünas Xalid Ağalıyev məlumat verib.
Ərizələrdən biri keçmiş səhiyyə naziri, hazırda Haqq Ədalət Partiyasının sədri Əli İnsanova aiddir. O, həbsdə olarkən-2016-cı ildə əlavə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və cəzaçəkmə müəssisəsinin əməkdaşına zorakılıqla müqavimət göstərməkdə ittiham olunub. Nəticədə onun həbs müddəti uzadılıb. Apellyasiya instansiyası də həmin qərardan verilmiş şikayətləri rədd edib.
Hüquqşünasın vurğulamasına görə, "bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 6600, hüquqi xərclər üçün 1500 avro ödəniləcək".
Ə.İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunsa da, sonradan məhkəmə qarşısına vəzifə cinayətləri ittihamı ilə çıxarılıb. Dövlət əmlakının qanunsuz özəlləşdirilməsi, mənimsəmə kimi ittihamlarla 11 il azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etməyib. 2016-cı ilin avqustunda – cəza müddətinin başa çatmasına az qalmış Ə.İnsanov haqqında psixotrop dərmanlar saxlama və s. ittihamlarla yeni cinayət işi başlanıb, cəza müddəti daha 7 il uzadılıb.
Ə.İnsanov 2019-cu ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Həbsdən buraxıldıqdan bir müddət sonra siyasi partiya yaratmaq qərarı verib. Onun tərəfdarları ilə yaratdığı Haqq Ədalət Partiyası dövlət qeydiyyatından keçib.