Azərbaycan hökuməti iki şikayətə görə 14 min avro ödəməlidir

AİHM

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martın 11-də Azərbaycanla bağlı bəzi qərarlarını açıqlayıb. Məlum olub ki, Azərbaycan toplam 14 min 500 avro təzminat və xərclər ödəməlidir.

Şikayətlərdən biri 2016-cı ildə həbs olunan müxalifət fəalı və "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirovla bağlıdır. Orada bildirilir ki, polis ərizəçi Faiq Əmirovu 2016-cı ilin avqustunda Gülənçi hərəkatına mənsub olduğu iddiasıyla saxlayıb, ardınca da o, vergidən yayınma, etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyi qızışdırmaqda təqsirli bilinib.

Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyası 5-ci maddəsinin 1 və 3-cü (azadlıq və toxunulmazlıq hüququ) bəndlərinə əsaslanaraq cinayət törətməsi ilə bağlı "əsaslı şübhə" olmadan həbs edilib saxlanıldığını, eləcə də daxili məhkəmələrin onun istintaqdan əvvəl həbsini əsaslandıra bilmədiyini iddia edir. O, 6-cı maddənin 2-ci (günahsızlıq prezumpsiyası) bəndi çərçivəsində hüquq-mühafizə orqanlarının mediaya açıqlamasında özünün cinayətkar kimi tanıdılmasından da şikayətlənir. Üstəlik, ərizəçi 5-ci maddə ilə bağlı 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin hədləri) maddə əsasında da şikayət irəli sürür.

Məhkəmə bu işdə iddia olunan pozuntunu tanıyıb və Avropa Konvensiyasının 5-ci (azadlıq) maddəsinin 1-ci bəndinin pozulduğunu müəyyənləşdirib. AİHM-in qərarına əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc əvəzi 9 min avro ödəməlidir.

AİHM-də qərar verilən digər iş jurnalist Aytac Əhmədovanın şikayəti ilə bağlıdır.

Ərizəçi iddia edir ki, 2015-ci ilin sentyabrında onlayn xəbər portalı olan MeydanTV ilə əməkdaşlıq etdiyi üçün Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməyə məcbur edilib və orada xəbər portalı, onun fəaliyyəti ilə bağlı sorğu-suala tutulub. DİN əməkdaşları heç bir order və ya məhkəmə qərarı olmadan onun mənzilində axtarış apararaq kompüterini də götürüblər. Onun ailəsiylə evdə və çimərlikdə çəkdirdiyi bəzi şəxsi fotoşəkil və videogörüntülər, çox güman, saxta şəxslərə məxsus müxtəlif "Facebook" hesablarında yayımlanıb. Paylaşımlar ərizəçinin "dilindən asılmalı", "hamının gözü önündə çılpaq asılmalı" və s. yazılarla müşayiət edilib.

Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddələrinə əsaslanaraq şəxsi həyatına hörmət hüququnun qorunmadığını və bu baxımdan, hökumət orqanlarının onun şikayətlərini araşdırmadığını iddia edir.

Məhkəmə bu işdə ərizəçiyə münasibətdə Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddəsinin pozulduğuna qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc əvəzi 5 min 500 avro ödəməlidir.