Hökumət Mehman Hüseynova pul ödəyəcək

Mehman Hüseynov

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 19-da Azərbaycandan göndərilmiş bir sıra şikayətlərlə bağlı qərarlarını açıqlayıb. Azərbaycan hökuməti ümumilikdə 60 min avrodan çox təzminat ödəyəcək.

İşlərin əksəriyyəti toplaşmaq, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiaları ilə bağlıdır. Onlardan biri-"Mehman Hüseynov Azərbaycana qarşı" işi bloqerin ölkədən çıxışına məhdudiyyət qoyulması şikayəti ilə bağlı olub. İşə baxılarkən pozuntu tanınıb və ərizəçiyə mənəvi zərər əvəzi olaraq 5 min avro ödənməlidir.

2012-ci ildə M.Hüseynov barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq ilə əlaqədar onun ölkədən çıxışı məhdudlaşdırılıb. Məhdudiyyət sonra götürülüb.

O, 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi. Bloqer həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Qərarlara Azərbaycanın rəsmi qurumlarının münasibəti, hələlik, bəlli deyil.