Azərbaycanın AİHM qərarlarını necə icra etməsinə baxılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin (Arxiv. 2020)

Sentyabrın 20-də Avropa Şurasının Nazirlər Komitəsi (AŞNK) Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycana qarşı bəzi qərarlarının necə icra edilməsini nəzərdən keçirib.

AİHM Avropa İnsan Hüquqları Konvensiyasının pozuntuları üzrə qərarlar çıxarır. Məhkəmənin qərarlarının necə icra olunmasına AŞNK nəzarət edir.

Defamasiyaya görə həbsin ləğvi üçün çağırış

"Mahmudov və Ağazadə Azərbaycana qarşı" işi ərizəçi jurnalistlərin ifadə azadlığının pozulmasından idi. Həmçinin yerli məhkəmələrin ifadə azadlığına müdaxiləni yetərincə əsaslandırmaması, qeyri-proporsional kriminal sanksiyaların tətbiqi, özəlliklə defamasiyaya görə həbs cəzaları mübahisələndirilmişdi.

Azərbaycan hakimiyyətinin təqdim etdiyi məlumatlarda bildirilir ki, yerli məhkəmələr defamasiyaya görə həbsdən, əsasən, istifadə etmirlər. Amma müzakirələrdə narahatlıqla qeyd edilir ki, bəzi hallarda həbs cəzasına kriminal sanksiya kimi əl atılır.

Yerli qanunvericiliyin Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin tələblərinə uyğunlaşdırılmaması təəssüflə vurğulanır. Bunun üçün Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin sanksiyasında uzunmüddətli həbs cəzalarının çıxarılması istənilir. Nazirlər Komitəsi dəfələrlə bu məsələ ilə bağlı çağırış edib.

Yeri gəlmişkən, sentyabrın 19-da AXCP sədri Əli Kərimlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə mühakiməsi başlanıb. Partiyadan xaric edilmiş Aydın Əliyev onun həbsini istəyir. Həmin maddədə 500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək həbs cəzası nəzərdə tutulub.

"Məmmədli qrupu Azərbaycana qarşı"

"Məmmədli qrupu Azərbaycana qarşı" işində AİHM hər bir ərizəçinin Konvensiyanın 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddəsinə zidd olaraq hüququnun pozulması qərarına gəlmişdi. Bu isə hökumətin tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının, insan haqları müdafiəçilərinin özbaşına həbs olunması tendensiyasını ortaya qoyurdu. AŞNK Azərbaycan hakimiyyətini qalan yeddi ərizəçiyə qarşı hökmləri dərhal ləğv etməyə, onların kriminal tarixçəsini təmizləməyə çağırır.

Komitə bu işlərin təkrar baxılmaq üçün Ali Məhkəməyə göndərilməsinin həddən artıq və izahsız yubanmasından narahatlıq bildirib.

Hazırda hüquq müdafiəçisi Anar Məmmədli qaçaqmalçılıq ittihamı ilə həbsdədir. O və ötən ilin noyabrından bəri oxşar ittihamla saxlanmış 20-yədək jurnalist, media işçisi ittihamı saxta adlandırır, peşə fəaliyyətinə görə saxlandıqlarını deyirlər.

"Sarqsyan Azərbaycana qarşı" işinə dekabrda təkrar baxılacaq

AŞNK "Sarqsyan Azərbaycana qarşı" işini də nəzərdən keçirib. Bu iş 1992-94-cü il Qarabağ müharibəsi zamanı evini tərk etməli olmuş ermənistanlı qaçqının mülkiyyət hüquqları barədədir. AİHM-nin 2017-ci ildə çıxardığı qərarda deyilirdi ki, Azərbaycan bu ərizəçinin qohumuna üç ay ərzində müəyyən maddi və mənəvi ziyana görə kompensasiya ödəməlidir. Azərbaycan hakimiyyəti isə katibliyin hazırladığı Anlaşma Memorandumunun mümkün təsirlərini dəyərləndirməkdən, Avropa Şurasının bank hesabı vasitəsilə ödənişi etməkdən ötrü daha çox zamana ehtiyacı olduğunu bildirib.

Nazirlər Komitəsi qeyd edir ki, cavabdeh ölkələr AİHM-nin bütün qərarlarını tam və səmərəli icra etməlidir. Bu, məhkəmənin kəsdiyi kompensasiyanın qeyd-şərtsiz ödənməsinə aiddir. Komitə Azərbaycan hakimiyyətini birbaşa Sarqsyanın qohumuna kompensasiyanın ödənməsini həyata keçirməyə çağırıb. Bu işə 2024-cü ilin dekabrında komitənin iclasında yenidən baxılacaq.

Nazirlər Komitəsi bundan öncə "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə qərar çıxarıb. Bu qərar 1992-94-cü illər Qarabağ müharibəsi dövründə evlərini tərk etməli olmuş altı azərbaycanlının mülkiyyət hüquqları ilə bağlı idi.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

Dağlıq Qarabağ 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Münaqişə nəticəsində hər iki ölkədə yüz minlərlə insan evini tərk etməli olub.