Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 12-də Azərbaycanla bağlı iki qərarını elan edib. Həmin qərarlara görə, Azərbaycan hökuməti ümumilikdə 34 min avrodan çox təzminat ödəməlidir.
Bir işdə Naxçıvandan olan ərizəçilər- Məmməd Qurbanov və Nadir Məmmədov işgəncələrə məruz qaldıqlarını iddia ediblər.
Kiçik biznesmenlər olan ərizəçilər 2012-ci ildə Türkiyəyə mallarını apararkən gömrük işçilərinin onlardan əlavə pul istədiklərini bildiriblər. Məsələni ictimailəşdirmək üçün onlar jurnalist və hüquq müdafiəçisi ilə birlikdə gömrüyə gediblər, orada fiziki təzyiqə məruz qaldıqlarını iddia ediblər. Ərizəçilər tutularaq Sədərək Rayon Polis İdarəsinə aparılıblar, orada da pis rəftara məruz qaldıqlarını vurğulayıblar.
AİHM bu işdə hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq) və başqa maddələri üzrə pozuntulara yol verildiyi qərarına gəlib. Qərara əsasən, hökumət ərizəçilərin hər birinə 10 min avro mənəvi zərər əvəzi ödəməlidir. Həmçinin, ərizəçilərin hüquqi təmsilçisi Xalid Bağırova 2 min avro hüquqi xidmət əvəzi verilməlidir.
Buna da bax: Elşad Abdullayev: Məndə elə videolar var ki...Elşad Abdullayevin işi...
İkinci iş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda xaricdə yaşayan Elşad Abdullayevin ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olan qardaşı Mahir Abdullayevin 2003-cü ildə itkin düşməsi şikayəti ilə bağlıdır.
Ərizəçi iddia edirdi ki, qardaşı yoxa çıxandan sonra o, hədələnib. O, bunu qardaşını yüksək səviyyəli dövlət məmurlarının himayə etdiyi mütəşəkkil cinayətkar qrupun oğurlaması ilə bağlı müxtəlif qurumlara şikayətlər yazması ilə əsaslandırmışdı.
AİHM bu işdə Konvensiyanın 2-ci (yaşamaq hüququ) maddəsinin prosedural baxımdan pozulduğuna qərar verib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 12 min, poçt xərcləri üçün isə 70 avro ödəməlidir.
Hələlik, qərara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb. Buna qədər Daxili İşlər Nazirliyi və Naxçıvan MR polisi idarələrdə insanlara fiziki zorakılıq ilə bağlı şikayətləri, bir qayda olaraq, qəbul etməyiblər.