Avropa Məhkəməsi hüquqşünaslarla bağlı qərarını açıqladı

Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi insan hüquqlarının müdafiəsiylə məşğul olan Ənnağı Hacıbəyliİntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilməməsiylə bağlı şikayət üzrə qərarını açıqlayıb. Avropa Məhkəməsi hüquqşünasların Vəkillər Kollegiyasına qəbul edilməməsini Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsinin pozuntusu kimi qiymətləndirib. Belə nəticəyə gəlib ki, adları çəkilən hüquqşünasların quruma qəbul edilməməsində onların Kollegiya rəhbərliyi haqqında və başqa problemlərlə bağlı söylədikləri tənqidi fikirlərin rolu olub.

Avropa Məhkəməsi həmçinin, Azərbaycan hökumətinin Konvensiyanın 34-cü (fərdi şikayətlər) maddəsi üzrə öhdəliklərini yerinə yetirmədiyini müəyyən edib. Bu pozuntu ona görə tanınıb ki, İ.Əliyev 2014-cü il avqustun 8-də həbs olunarkən onun ofisində axtarış zamanı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları Avropa Məhkəməsində olan işlər üzrə sənədləri də aparıb qaytarmamışdılar.

Avropa Məhkəməsi ərizəçi hüquqşünasların hər birinə mənəvi zərərə görə 7 min 500 avro, Ə.Hacıbəyliyə məhkəmə məsrəflərinə görə də 2 min 500 avro ödənilməsinə qərar verib.

Ə.Hacıbəyli

Ə.Hacıbəyli ciddi nəticə gözləmir

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ə.Hacıbəyli haqqındakı qərarı AzadlıqRadiosuna şərh edərkən deyir ki, öz ölkəsinin Vəkillər Kollegiyasına Avropa Məhkəməsinin qərarı ilə qəbul olunmağı istəməzdi: «O vaxt bizim istədiyimiz nə idi? Vəkillik haqqında demokratik qanunvericiliyin qəbul edilməsini, gerçək vəkillik institutunun formalaşmasını və bunun təmin olunmasında bütün vətəndaşların iştirakını istəyirdik. Bu da Kollegiya rəhbərliyinin, hüquq-mühafizə orqanları ilə gizli-aşkar işləyən bir sıra adamların xoşuna gəlmədi və bizim hüquqlarımızı pozub, Vəkillər Kollegiyasına qəbul etmədilər».

Vəkilliyin indiki durumundan danışan Ə.Hacıbəylinin sözlərinə görə, son vaxtlar bu sahənin inkişafı ilə bağlı ciddi işlər görülməsi görüntüsü yaratmağa çalışsalar da, reallıq başqadır. Hüquqşünas deyir ki, düzdür, müəyyən texniki işlər görülüb, amma qarşılığında Yalçın İmanov, Fəxrəddin Mehdiyev kimi peşəkarlar Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Avropa Məhkəməsinin Azərbaycanda vəkilliklə bağlı ilk qərarının bu sahəyə təsirinə gəlincə, Ə.Hacıbəyli ciddi nəticə gözləmir. Səbəbini də belə izah edir: «Çünki vəkillikdəki böyük problemlər Vəkillər Kollegiyasının rəhbərliyi, hansısa məhkəmə və ya hakimə bağlı problem deyil. Bu problemlər daha çox ölkədəki hakim rejimin mahiyyətindən irəli gəlir».

Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatından Fərhad Nəcəfov AzadlıqRadiosuna bildirib ki, qərarı az öncə əldə ediblər: «Oxuyub ətraflı tanış olandan sonra ən tezi sabah (20 aprel) münasibət bildirə bilərik».

İ.Əliyev

«Dərsliklərə düşəcək qərar»

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İ.Əliyev AzadlıqRadiosuna bildirib ki, bu qərarın verdiyi mesaj, ictimai əhəmiyyəti böyükdür. Hüquq müdafiəçisinin sözlərinə görə, qərarın qəbulundan çox az müddət keçməsinə baxmayaraq, müxtəlif ölkələrdən xeyli mesajlar, məktublar alıb, bunun dərsliklərə düşəcək qərar olduğunu deyirlər.

İ.Əliyevin fikrincə, bu, həm də Azərbaycanda vəkilliyin problemləri ilə bağlı ilk qərar olması baxımından əhəmiyyətlidir: «Bundan öncə vəkilliklə bağlı göndərilən bir neçə ərizə, o cümlədən Kollegiyadan çıxarılmış Namizəd Səfərov, Lətifə Əliyevanın şikayətləri qəbuledilməz sayılmışdı. Qərarın önəmi həm də odur ki, Avropa Məhkəməsi ifadə azadlığının pozuntusunu tanıdı. Yəni hökumətin şəxslərin hüquqlarına müdaxiləsinin siyasi motivli olduğunu təsdiqlədi. Bizdən sonra da vəkillikdən çıxarılma, vəkilliyə qəbulla bağlı şikayətlər göndərilib. Bu qərar həm də o şikayətlərə baxılarkən presedent olacaq».

Hüquq müdafiəçisi deyir ki, Avropa Məhkəməsinin qərarı ölkədə vəkilliyin, məhkəmə-hüquq sisteminin acınacaqlı durumda olduğunu da ortaya qoydu: «Bu qərar göstərdi ki, Azərbaycan hakimiyyəti Vəkillər Kollegiyasından müstəqilfikirli hüquqşünaslara, vəkillərə qarşı dəyənək kimi istifadə edir. Yerli məhkəmələr də bu hallara göz yumurlar. Çünki vəkilliklə bağlı şikayətlərə yerli məhkəmələr baxıb, iddiaları rədd ediblər. Bu mənada, qərar həm də ölkədə insanların hüquqlarını müdafiə etməli olan vəkillərin, Vəkillər Kollegiyasının necə aciz duruma salındığının göstəricisi sayıla bilər».

Avropa Məhkəməsinin qərarının vəkilliklə bağlı vəziyyətə təsiri məsələsində İ.Əliyev nikbindir. Hüquqşünas «onsuz da hökumət Avropa Məhkəməsinin qərarlarını icra etmir, nə mənası var?» kimi fikirləri yaxın buraxmamağın tərəfdarıdır. Deyir ki, elə hökumətin də istəyi bu cür yanaşma ilə insanları ruhdan salmaq, az-çox effektiv mexanizmlərdən imtinaya vadar etməkdir: «Mən deyə bilmərəm ki, bu qərardan sonra Vəkillər Kollegiyası tam dəyişəcək, hakimiyyətin nəzarətindən çıxacaq. Bu, ölkədəki ümumi idarəçilik, insan haqlarına yanaşma, məhkəmələrin müstəqilliyinə bağlı olan məsələdir. Aydın məsələdir ki, hakimiyyət müstəqil vəkilliyin olmasında maraqlı deyil. Amma bu və bundan sonra çıxarılacaq qərarlar istənilən halda, töhfəsini verəcək. Önəmli odur ki, proses gedir və dayanmasın».