Azərbaycan 2019-cu ildə Avropa Olimpiya Festivalına ev sahibliyi edə bilər.
Bununla bağlı oktyabrın 28-də Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.
«Report»un xəbərinə görə, Ç.Hüseynzadə məsələ ilə bağlı Belarusda müzakirələr aparıldığını bildirib. O, qeyd edib ki, Avropa Olimpiya Festivalına Belarus ev sahibliyi etmək istəyirdi.
«Minskdə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin (İK) iclası oldu və bu məsələ qaldırıldı. Mən İK-nın iclasında Azərbaycan üçün Belarusun II Avropa Oyunlarının keçirilməsini öz üzərinə götürməsinin çox vacib olduğunu bildirdim. Belə olacağı təqdirdə Azərbaycanın Avropa Festivalını keçirməsinin mümkün olacağını söylədim. Festivalı keçirmək elə-belə iş deyil. Bunun üçün 5 il öncədən namizədlik verirsən, seçkilərdə iştirak edirsən. Amma bizim üçün çox rahatdır. Çünki heç bir prosedur olmayacaq. Bütün infrastrukturlar hazırdır. Biz bu yarışa hazırıq. Bu təklifimi Belarus prezidentinə də çatdırdılar. Ertəsi gün iclas keçirildi və A.Lukashenka ölkəsinin II Avropa Oyunlarını qəbul etdiyini bildirdi», - MİK rəsmisi bildirib.
2015-ci ildə Azərbaycanda I Avropa Oyunları, bu il isə «Formula 1» yarışları keçirildi. 2017-də isə Azərbaycan IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Müxalifət partiyaları hesab edirlər ki, Azərbaycan belə yarışlara ev sahibliyi etməkdənsə, həmin vəsaitlər ölkədə sosial problemlərin həllinə yönəldilməlidir.
Avropa Olimpiya Festivalının təşkilinə nə qədər vəsait sərf ediləcəyi, hələlik, açıqlanmayıb.