Avropa deputatları Şərq Tərəfdaşlığı ilə daha dərin inteqrasiyaya çağırıblar

Avropa Parlamenti

Avropa millət vəkilləri Avropa İttifaqı və keçmiş Sovet İttifaqının 6 respublikasından ibarət Şərq Tərəfdaşlığı proqramı arasında “vahid iqtisadi məkanın” yaradılmasına və bu ölkələrin ittifaqa “tədricən inteqrasiyasına” çağırıblar.

Şərq Tərəfdaşlığına Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova daxildir.

Avropa Parlamentində iyunun 19-da səsə qoyulmuş bu çağırış millət vəkillərinin böyük əksəriyyətinin dəstəyi ilə qəbul olunub.

507 deputat sənədin leyhinə, 119 deputat əleyhinə səs verib. Daha 37 millət vəkili bitərəf qalıb.

Bu sənəd Avropa Parlamentinin “Şərq Tərəfdaşlığının gələcəyi” barədə məramnaməsinə daxil ediləcək.

Buna da bax: Avropanın Şərq Tərəfdaşlığı sənədində ‘dırnaq işarələri’ nə deməkdir?

“Tədrici inteqrasiya”

Əsası 2009-cu ildə qoyulmuş Şərq Tərəfdaşlığı proqramından məqsəd bu 6 ölkə qarşısında heç bir gələcək üzvlük öhdəliyi götürmədən onların bloka maksumum yaxınlaşdırılmasıdır.

Sənəddə deyilir ki, Şərq Tərəfdaşlığı proqramı İttifaqa üzvlüyü nəzərdə tutmasa da, Şərq Tərəfdaşlığı siyasəti bu ölkələrin Avropa İttifaqına “tədrici inteqrasiyasına” alət ola bilər.

Çağırışda deyilir ki, bu proses “vahid iqtisadi məkanın” yaradılmasını nəzərdə tutur.

Bu da tövsiyə edilir ki, Brüssel diqqətini “kommunikasiyalar və ilk növbədə Şərq Tərəfdaşlığı üzvləri ilə rominq ödənişlərindən azad rabitənin yaradılmasına yönəltməlidir”.

Sənəddə bu altı ölkənin öz arasında da inteqrasiyanın gücləndirilməsi tövsiyə olunur.

Təşəbbüsə habelə Kiyevdə Şərq Tərəfdaşlığı Universitetinin yaradılması, şərqi Ukrayna və Krıma Avropa İttifaqının xüsusi nümayəndəsinin təyin edilməsi daxildir.

Avropa İttifaqı Rusiya üzərinə Moskva 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq etdiyinə görə sanksiyalar qoyub.