Avropa ‘Moskvanın dezinformasiyasını’ pisləyən sənəd açıqlayacaq

Avropa Komissiyası onun təbirincə deyilərsə, Moskvanın apardığı “informasiya müharibəsinə” diqqət çəkib. Hazırda Avropa İttifaqı internet dezinformasiyasına qarşı mübarizə kampaniyası aparır.

AzadlıqRadiosunun tanış olduğu bəyannamə layihəsində deyilir ki, “internetdə kütləvi dezinformasiya kampaniyaları aparan daxili və xarici əməliyyatçılar cəmiyyətlər arasında inamsızlıq toxumu səpirlər və bu ümumi təhlükəsizlik üçün hədə yaradır…”

Aprelin 26-da açıqlanması nəzərdə tutulan sənəddə deyilir:

“Məsələn Rusiya informasiya müharibəsini silah növü kimi özünün hərbi doktrinasına daxil edib”.

Bəyannamə mətni ilə tanış rəsmilər AzadlıqRadisiouna deyiblər ki, əvvəlki mətndə birbaşa Rusiyanın adı çəkilmirdi.

Adlarının çəkilməsini istəməyən rəsmilər də bildiriblər ki, Aİ-nin xarici işlər komissarı Federica Mogherini və rəqəmsal inqtisadiyyat komissarı Mariya Gabriel sənəddə hər hansı ölkənin konkret olaraq qeyd edilməsinin əleyhinə olublar.

Onlar deyirdilər ki, konkret ölkə adları sənədin yalnız qeydlər hissəsində göstərilməlidir.

Lakn bir çox başqa komissarlar Moskvanın xaricdəki seçkilərə müdaxiləsinə dair iddiaları, Rusiyada troll fabriklərinin mövcudluğunu nəzərə alaraq Rusiyanın adının bu sənədin dezinformasiyaya aid bölümündə xüsusi vurğulanmasında israr edirdilər.

Avropa Komissiyasının mart hesabatında da Rusiyanın adı çəkilmirdi.

Sözü gedən sənəddə dezinformasiya ilə mübarizədə dörd yanaşma tövsiyə edilir: şəffaflığın yaxşılaşdırılması, informasiyanın şaxəliliiyinin təbliğ olunması, informasiyaların mötəbərliyinin gücləndirilməsi və bu sahədə hərtərəfli həll yollarının tapılması.

Sənəddə verilən təkliflərdən biri də dezinformasiyaya qarşı mübarizə vasitəsi kimi müstəqil Avropa faktyoxlama platformasının yaradılmasıdır.