Avropa Ukrayna separatçılarının seçkilərinə görə sanksiyalar hazırlayır

Avropa İttifaqı ötən ay Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazilərdə keçirilmiş seçkilərin təşkilində iştirak etdiyi iddia olunan 9 nəfərə qarşı sanksiyalar elan etməyə hazırlaşır.

AzadlıqRadiosu adının çəkilməsini istəməyən Avropa İttifaqı mənbələrinə istinadən bildirir ki, üzv ölkələrin səfirləri bu qərarı dekabrın 5-də qəbul ediblər.

Mənbələr bildirib ki, əvvəlcə yalnız 5 şəxsin sanksiya siyahısına salınması nəzərdə tutulmuşdu, lakin sonra Polşanın başçılığı altında bir neçə ölkənin tövsiyəsi ilə daha 4 nəfərin də adı əlavə olunub.

Avropa İttifaqının xarici işlər nazirləri bu qərar barədə gələn həftə Belçika paytaxtında keçirilən görüş zamanı razılığa gəlməlidirlər.

Beləliklə sözü gedən 9 nəfərin adları Rusiyadan və Ukraynadan olan 155 nəfərin siyahısına əlavə ediləcək. Bu siyahıda olanlara qarşı aktivlərin dondurulması və səfər qadağanı kimi sanksiyalar tətbiq edilir.

İttifaq habelə 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən bəri separatçılara dəstək verən 44 fərdin bank hesablarını və mülkiyyətini dondurub.

Kiyev, Avropa İttifaqı və Birləşmiş Ştatlar separatçıların Donetsk və Luhansk vilayətlərində noyabrın 11-də keçiridikləri seçkiləri pisləyiblər.