Avropa Komissiyası Şərq Tərəfdaşlığına daxil ölkələrin iqtisadi inkişafı və onlara investisiyalar proqramı üçün 2.3 milyard avroluq (2.72 milyard dollar) plan təklif edib.
Bu plan potensial olaraq Şərq Tərəfdaşlığı ölkələrinə 17 milyard avroluq (20.1 milyard dollar) əlavə dövlət və özəl investisiyalar cəlb etməlidir.
Komissiyanın iyulun 2-də açıqlanmış bəyanatında deyilir ki, sözü gedən plan əsas diqqəti “dirçəliş, iqtisadi sabitlik və islahatlar” olan gündəliyin bir hissəsidir.
Bu plan 2025-ci ildədək “ticarətin canlandırılması, iqtisadi artım və iş yerlərinin yaradılması, şəbəkəli investisyalar, demokratik təsisatların və qanunun aliliyinin gücləndirilməsi, yaşıl və rəqəmsal keçidə dəstək, ədalətli, cinsi bərabərlikli və iştiraklı cəmiyyətlərin təşəkkülü” kimi 10 hədəfə malikdir.
Təklif olunmuş bu uzunmüddətli məqsədlər siyasəti Şərq Tərəfdaşlığının 2021-ci ilin dekabrında keçiriləcək sammitində müzakirə olunacaq.
Buna da bax: Belarus Avropa ilə əlaqələrini kəsir?“Gələcək demokratik Belarusa” da aiddir
Şərq Tərəfdaşlığı 2009-cu ildə Avropa İttifaqı, onun üzvləri və keçmiş sovet blokunun altı ölkəsi – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasında siyasi və iqtisadi bağların dərinləşdirilməsi üçün yaradlılıb.
İttifaqın qonşuluq və genişlənə üzrə komissarı Oliver Varhelyi deyib ki, təklif edilmiş plandan məqsəd sözü gedən ölkələrdə koronavirus pandemiyasından sonrakı ictimai-iqtisadi dirçəlişə dəstək verməkdir.
Komissar deyib ki, bu dəstək “gələcək demokratik Belarusa” da şamil olunacaq.
Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell deyib:
"Bizim işimizin özəyində demokratiyanın, yaxşı idarəçiliyin və qanunun aliliyinin təşviqi olacaq. Bunlar bizim əməkdaşlığımızda pozitiv, konkret nəticələrin əldə olunması üçün açardır. Bura Belarus da daxildir. Biz bu ölkədə Şərq Tərəfdaşlığı vasitəsilə xalqa dəstəyimizi davam etdirmək istəyirik”.
Buna da bax: Səfir Azərbaycanla Tərəfdaşlıq sazişinin imzalanmamasının səbəblərini açıqlayıb
Lukaşenka rejimini zəiflətmək üçün
İyul ayının başlanğıcında Avropa İttifaqı avtoritar Alyaksandr Lukaşenkanın rejimini zəiflətmək məqsədilə Belarus iqtidarının üzərinə ağır sanksiyalar elan edib.
Buna səbəb mayın 23-də Ryanair aviaşirkəti təyyarəsinin məcburi qaydada Minskə endirilməsi və sərnişinlərin arasında olan anti-Lukaşenka bloggerin həbs edilməsi olub.
Bu sanksiyalara cavab olaraq Minsk Avropa İttifaqındakı daimi nümayəndəsini “məsləhətləşmələr” üçün geri çağırıb və Şərq Tərəfdaşlığı proqramında iştirakını dayandırdığını bildirib.
Lukaşenka rejimi bundan əvvəl də 2020-ci ilin prezident seçkisindən sonra müxalifətə və etirazçılara divan tutduğuna görə ciddi beynəlxalq təzyiq altında idi.
Belarus müxalifəti seçkinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını, onun əslində 3 faiz səs qazandığını iddia edir.
Qərb də bu seçkinin nəticələrini və Lukaşenkanın prezident kimi legitimliyini tanımadığını bildirib.