►Ailəlikcə İslamı qəbul ediblər
İddialı balerina Stephanie Kurlow deyir ki, o, səhnədə çıxışlarından sonra nifrət məktubları alır. (CNN)
14 yaşlı avstraliyalı balerina digər balerinalardan onunla fərqlənir ki, o, səhnəyə hicabla çıxır.
Ona nifrət edənlərə məhəl qoymayan Stephanie Kurlow-un arzusu ilk peşəkar hicablı balerina olmaqdır.
"Müsəlman olmaq məni fərqli rəqs etməyə məcbur edir. İslam - pakdır və mən özümü Allaha daha bağlı hiss edirəm," deyə o CNN-ə bildirib.
Sidney ətrafında böyümüş Kurlow 2 yaşından baletlə məşğul olur. O daim böyük balet səhnəsinə çıxmaq arzusunda olub.
Kurlow-un 9 yaşı olanda onun ailəsi bütövlükdə İslamı qəbul edib. Onun avstraliyalı atası, rus anası və iki qardaşı Quran oxumağa və gündə beş dəfə namaz qılmağa başlayıblar.
Bununla bağlı Stephanie bir müddət rəqs etməyə fasilə verib. Ancaq bu uzun çəkməyib. O, rəqs sənətinə qayıtmaq istəyib. Beləliklə, uzun tül yubka və ona uyğun baş örtüyü geyən Stephanie həftədə 30 saat məşq edib.
"Üç ildə förd cüt puant cırdım," deyə o, qürurlu səslə söyləyir.
____________________________________________________________
Bunlara da bax:
____________________________________________________________
Dini inancını, yaxud örtülü başını maneə kimi görməyən yeniyetmə deyir ki, o, özünü peşəkar rəqqasə kimi məqsədlərinə nail olmağa daha çox hazır hiss edir.
O, Çin əsilli Avstraliya balerinası Li Cunxindən ilham alır. Stephanie deyir ki, Li uğurlu rəqqasə olmaq üçün çox qurbanlar verib və çətinliklərə dözüb. Stephanie-nin sözlərinə görə, bu səbəbdən LaunchGood "fandreyzinq" kampaniyasına başlayıb. Kampaniyanın məqsədi onun peşəkar təlim almasına və bir gün bütün dinlərə açıq olan akademiya yaratmasına yardım etməkdir.
Stephanie həm də gənc müsəlman qızlar üçün ilham mənbəyi olmaq istəyir. "Balaca müsəlman qızlar mənə hicab örtərək özlərini fərqli və gözəl hiss etmək istədiklərini deyirlər," o həvəslə deyir.
Stephanie deyir ki, o, sosial media və e-mail vasitəsilə tənqiddən çox həvəsləndirici mesajlar alır.
"Məncə balerinaların ağrını büruzə verməməsi çox gözəl və heyrətamizdir. Ayaqqabının içində bizim ayaqlarımız ağrıya bilər, ancaq biz heç zaman ağrını büruzə vermirik," deyir gənc Stephanie Kurlow.