Avstriya məhkəməsi keçmiş zabiti Rusiyaya casusluqda təqsirli bilib

İllüstrativ foto

Avstriya məhkəməsi təqaüddə olan ordu polkovnikini 25 ildən çox Rusiya hərbi kəşfiyyatı – Baş Kəşfiyyat İdarəsinə (GRU) casusluq etməkdə təqsirli bilərək üç il müddətinə azadlıqdan məhrum edib.

Lakin adı çəkilməyən və məhkəməsi qapalı keçirilən 71 yaşlı zabit həbsxanada olduğu müddətə görə azadlığa buraxılıb.

Zalsburq şəhərinin münsiflər məhkəməsi iyunun 9-da çıxardığı hökmdə zabiti dövlət sirlərini Rusiyaya verməkdə təqsirli bilib.

Məhkəmə hökmündə deyilir ki, keçmiş zabit dövlət və hərbi sirləri bilərəkdən ötürməklə Avstriyaya qarşı kəşfiyyat əməliyyatı aparıb.

Bu ittihamla ona maksimum on ilədək həbsxana cəzası verilə bilərdi, lakin o üç il müddətinə azadlıqdan məhrum edilib.

Zabit 2018-ci ilin noyabrından həbsxanada olması nəzərə alınaraq azad edilib.

Buna da bax: Avstriyada daha bir Rusiya casusu ələ keçdi

Vyana - casus qovşağı

Məhkəmə materiallarından məlum olur ki, müttəhim 1992-ci ildən 2018-ci ilin sentyabrınadək hərbi sirləri Rusiya tərəfinə ötürüb və buna görə 280 min avro alıb.

Vəkilləri keçmiş zabitin heç bir dövlət sirrini satmadığında israr edirdilər. Onlar bildiriblər ki, zabitin Rusiya tərəfinə satdığı informasiyalar açıq mənbələrdə vardı və o buna görə toplam 220 min avro qazanıb.

Məhkəmə hökmündə deyilir ki, müttəhimin öz təqsirini etiraf etməsi, yaşı və bundan əvvəl məhkum olmadığı nəzərə alınıb.

Sözü gedən zabit həbs ediləndə Rusiyanın xarici işlər naziri Sergei Lavrov bu məsələ barədə “heç nə bilmədiyini” demişdi.

Avstriya Avropada Rusiyanın Ukraynadakı təcavüzünə baxmayaraq Moskva ilə yaxın münasibətləri olan bir neçə ölkədən biridir.

Beynəlxalq Atom Enerjisi Agentliyi, ATƏT kimi təşkilatlara ev sahibliyi edən paytaxt Vyana həm də Avropanın ən qaynar casus qovşaqlarından biri sayılır.