Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədovun aclıq aksiyasına başladığı və cərimə otağına salındığı deyilir.
Bu barədə AXCP-dən məlumat verilib.
Partiyadan yayılan açıqlamaya görə, təzlikcə 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülən Əhmədov saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb:
"Soyuducu və yemək qızdırması üçün plityə görə, pul istəyiblər. Yeməklər keyfiyyətsizdir və günorta yeməyi axşam verilir. Niyaməddin Əhmədov da buna etiraz edir".
AXCP-dən qeyd olunub ki, Niyaməddin Əhmədov müəssisə rəhbərliyinə aclıq aksiyası barədə ərizə ilə müraciət edib:
"Dərhal da cərimə kamerasına salınıb".
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.
Amma qurum bu vaxta qədər rüşvət və başqa neqativ hallarla bağlı şikayətləri əsassız sayıb.
Xidmətdən vurğulayıblar ki, məhbuslarla da qanun çərçivəsində davranırlar.
Xatırlatma
AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu bildirilən Niyaməddin Əhmədov ötən ilin oktyabrın 8-də 13 il azadlıqdan məhrum edilib.
Niyaməddin Əhmədov cinayət məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib.
AXCP, həm də Əhmədov ittihamı rədd edərək onları qurama adlandırıblar.