DİN-dən Əli Kərimliyə: ‘Telefon stansiyasına, mobil operatoruna müraciət etsin...’

Əli Kərimli, 2017

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin artıq 5 gündür mobil, ev telefonu və internet elaqələrinin kəsildiyi bildirilir.

AXCP-dən AzadlıqRadiosuna deyiblər ki, partiya sədrinə informasiya blokadası tədbiq olunub:

"Bu blokadaya görə, Əli bəy və ailə üzvləri hətta evdən çıxıb çörək, lazım olan dərmanı ala bilmir. Çünki mobil xətti kəsilib və 8103-ə mesaj yazmaq olmur. Evinə gəlib yardım etmək istəyən partiya üzvlərini isə həbs edirlər".

Buna da bax: Tolstoyun çara məktubu

Ehsan Zahidov: "...Hərdən məndə də olur ki, şəbəkə itir"

AXCP-dən vurğulayıblar ki, son günlər bir neçə fəalları inzibati qaydada həbs edilib. Partiyadan qeyd edilib ki, arada bir gün qisa müddətə Əli Kərimlinin internet əlaqəsi bərpa edilsə də sonradan yenidən kəsilib.

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə “Turan” agentliyinə bildirib ki, Əli Kərimlinin ev və mobil telefonunda problem yaranıbsa aidiyyatı üzrə müraciət etməlidir:

"Telefon stansiyasına, mobil operatoruna müraciət etsin. Hərdən məndə də olur ki, şəbəkə itir".

Son günlər inzibati qaydada həbs olunmuş bir neçə AXCP üzvləri ilə bağlı isə DİN-dən bildirilib ki, onların heç biri siyasi motivlərlə saxlanmayıb.

DİN ölkədə siyasi motivli həbslərin olması haqqında deyilənləri yalanlayır.

Amma AXCP sədri Əli Kərimlinin həm özünün, həm də ailə üzvlərinin telefon, internet əlaqələrinin məhdudlaşdırılması ilə bağlı söylənənlərə gəldikdə isə, buna, hələlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və başqa aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.

Buna da bax: Dünya Səhiyyə Təşkilatı ‘immunitetə çox da ümid etməyin’ deyir

Xatırlatma

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda da martın 24-dən aprelin 20-nə kimi karantin rejimi elan edilib. İndi dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Rəsmilər yeni koronavirusla mübarizə məqsədi ilə karantin müddətinin bir qədər də uzadılacağını bildiriblər.