AXCP funksionerindən tələb: ‘Əli Kərimli məhkəmədə dindirilsin’

Babək Həsənov

AXCP sədri Əli Kərimlinin məhkəmədə dindirilməsi tələb olunur. Bu tələbi səsləndirən də elə AXCP funksioneri, partiyanın Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənov. O, fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə vəsatət qaldırıb.

Bu məhkəmədə Babək Həsənovla yanaşı, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov, Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlinin işinə baxılır.

İttihama görə, 1998-ci ildən Rusiyada yaşayıb işləyən, bu ölkənin vətəndaşı olan Saleh Rüstəmov AXCP-yə və onun sədri Əli Kərimliyə pul göndərib. Vəsait Rusiyadan Bakıya – Vidadi Rüstəmliyə göndərilib, o da adları çəkilən üç nəfər AXCP funksioneri vasitəsilə Əli Kərimliyə çatdırıb. İndi onlar qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham olunurlar.

“SÜRÜYƏ-SÜRÜYƏ APARIBLAR”

Təqsirləndirilən Babək Həsənov deyib ki, istintaq faktiki Əli Kərimlini bu piramidanın başçısı kimi təqdim edir, pulların ona çatdırıldığı iddia olunur. Amma Əli Kərimlini istintaq vaxtı bir dəfə də olsun çağırıb dindirməyiblər. Babək Həsənov bildirib ki, onun dindirilməsi vacibdir.

Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Məhkəmədə Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov və onun həyat yoldaşı Rəsmiyyə Rüstəmova da əlavə şahid kimi dindirilib. Onların dindirilməsini Saleh Rüstəmovun vəkilləri istəmişdi.

Cinayət işinin materiallarında yazılıb ki, Saleh Rüstəmov Şəmkirdəki “İstiqlal” parkında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Baxış zamanı onun üzərindən 30 qram heroin tapılıb.

Saleh Rüstəmovun qardaşı və həyat yoldaşı isə bildiriblər ki, o, üçü birlikdə maşınla gedərkən tutulub. Şahidlərin sözlərinə görə, Şəmkir və Gəncə arasındakı posta çatanda görüblər ki, post bağlıdır, bir xeyli də maşın var. Onların olduğu maşın dayananda qəfildən kənardan çoxlu sayda mülki geyimli hücum edib. Həmin şəxslər Saleh Rüstəmovu maşından zorakılıqla çıxarıb, sürüyə-sürüyə aparıblar: “Hətta sonra kənardakılar bizdən soruşdular ki, bu adam kimdi, onu belə tutub apardılar?”

Qohumlarının sözlərinə görə, Saleh Rüstəmovun hara aparıldığını bilməyiblər. Bir neçə gün də onun harada, necə və niyə saxlanması haqda onlara heç bir məlumat verilməyib.

Bununla da məhkəmədə şahidlərin dindirilməsi mərhələsi başa çatıb. Fevralın 8-də keçiriləcək növbəti məhkəmə iclasında təqsirləndirilən şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilmiş videoları nümayiş etdiriləcək.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. Bildirib ki, Saleh Rüstəmovlauzun illərdir dostdurlar və Rüstəmov dostu olaraq da bir neçə dəfə ona yardım edib.