AXCP funksionerinin soyuq kamera ilə cəzalandırıldığı iddia olunur

A.Məhərrəmov

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmovun səhhətindəki problemlər haqda xəbər yayılandan sonra onun cəzalandırıldığı iddia olunur. AXCP üzvlərinin AzadlıqRadiosuna bildirdiyinə görə, A.Məhərrəmovun sağlıq durumundakı problemlərə baxmayaraq, onun müalicəsinə imkan verilməməsi barədə məlumatlar ictimailəşəndən sonra o, cəzaçəkmə müəssisəsində təzyiqə məruz qalıb.

«Aqil Məhərrəmovu cəza kamerasına (kars) salıblar. 5 saat hər iki tərəfi yelçəkən soyuq yerdə saxlayıblar. Birbaşa səbəbini deməyiblər. Amma qeyri-rəsmi məlumatlara görə, Müalicə Müəssisəsinə köçürülməməsi haqda məsələnin ictimailəşməsiylə bağlıdır», – AXCP-dən belə deyilib.

A.Məhərrəmov Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Buna da bax: Məhbus cəbhəçinin oğluna şad xəbər gəlib

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, A.Məhərrəmovun cəzalandırılması barədə deyilənlər yalandır: «Mən araşdırdım, məlum oldu ki, Aqil Məhərrəmov cəzalandırılmayıb, cərimə kamerasına salınmayıb. Yayılan məlumatlar həqiqəti əks etdirmir».

A.Məhərrəmovun müalicəyə ehtiyacı olduğu halda, ona lazımi tibbi yardım göstərilməməsi, Müalicə Müəssisəsinə köçürülməməsi haqda iddialara gəlincə, M.Sadıqov bunu da təkzib edir. Deyir ki, istənilən məhkumun sağlam olması, səhhətində problem yaranarkən erkən vaxtda müalicə alması Penitensiar Xidmətin də marağındadır: «Müalicə Müəssisəsinə köçürülmə həkim rəyi ilə olur. Həkimin göstərişi olanda Penitensiar Xidmət də icra edir. Mümkün deyil ki, hansısa məhkumun tibbi yardıma ehtiyacı olsun, ona yardım göstərilməsin».

Yaxınlarının bildirdiyinə görə, A.Məhərrəmov ayağını rahat şəkildə yerə basa bilmir, diz qapağı ətrafında sınıq və ya çatların olması ehtimalı var. O, ailə üzvlərinə bildirib ki, yeriyərkən müvazinətini saxlaya bilməyərək bir neçə dəfə yıxılıb: «Müalicə müəssisəsinə köçürülməsi üçün dəfələrlə rəhbərliyə müraciət etməsinə baxmayaraq, hələ də heç bir tədbir görülmür».

Buna da bax: Saleh Rüstəmovun qohumu: 'Bir nəslin repressiyası...'

Xatırlatma

Aqil Məhərrəmov ötən il mayın 25-də partiyanın digər funksionerləri - Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub. Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.

S.Rüstəmov ötən il mayın 8-də narkotik ittihamıyla həbs edilib. İki gün sonra onun qardaşı oğlu V.Rüstəmli də eyni ittihamla saxlanılıb. Bundan sonra mayın 25-də AXCP funksionerləri tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunublar. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri V.Rüstəmlidən alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan gedir. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib.

Ali Məhkəmə S.Rüstəmovun cəzasını sonra 2 ay azaldıb.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu «qurama iş» adlandırıb. O bildirib ki, S.Rüstəmovla uzun illərdir dostdurlar, dostu olaraq da yalnız bir neçə dəfə ona yardım edib.