AXCP: Partiyanın iki üzvünə 10 sutka həbs verilib

Məhkəmə, arxiv foto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Faiq Rəşidovun 10 sutka həbs olunduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna həmin partiyadan məlumat verilib.

Məlumata görə, F. Rəşidovu dünən, iyunun 26-da axşam saatlarında İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları həmin rayondakı evlərindən aparıblar:

"F. Rəşidovu dünən polis şöbəsinə aparıblar, bu gün, iynun 27-də səhər saatlatında isə İsmayıllı Rayon Məhkəməsinə göndəriblər ".

Partiyadan əlavə ediblər ki, F. Rəşidov İnzibati Xətlar Məcəlləsinin 388-1. maddəsi ilə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması”nda təqsirləndirilib:

"Bundan əvvəl də Faiq Rəşidov öz aktivliyinə görə dəfələrlə təzyiqlərə məruz qalıb, ona xəbərdarlıqlar edilib. Onun həbsi sırf siyasi baxışları və sosial şəbəkələrdə aktivliyi ilə bağlıdır".

Bu deyilənlərə, hələlik, İsmayillı rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
AXCP-nin hazırda 10-a yaxın üzvü həbsdədir. Onlar müxtəlif maddələr üzrə ittiham edilsələr də, partiya həmin şəxslərin siyasi sifarişlə şərləndiyini bəyan edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslərin və müxalifətçilərə təzyiqlərin olmadığını vurğulayırlar.

***

AXCP: “Daha bir üzvümüzə də 10 sutka verilib”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) başqa bir üzvü Elşad Atayevin də inzibati qaydada 10 sutka müddətinə həbs olunduğu açıqlanıb.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, İmişli rayonunda yaşayan E. Atayevi dünən, iyunun 26-da polis saxlayıb: "Bu gün, iyunun 27-də isə onu İmişli Rayon Məhkəməsinə apararaq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama)10 sutka həbs ediblər".

AXCP-dən bildiriblər ki, E. Atayevin də həbs səbəbi onun sosial şəbəkələrdə aktiv olmasıdır və hakimiyyəti tənqid etməsidir.

Bu deyilənlərə də, hələlik, İmişli Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Amma hakimiyyət rəsmiləri bir qayda olaraq ölkədə insanların tənqidi düşüncələrinə görə, həbs edilmələri ilə bağlı deyilənləri təkzib edirlər.