Atası Fuad Əhmədli ilə danışıb
Atası həbsdə olan və oktyabrın 5-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədli ilə danışıb.
Bu barədə AzadlıqRadiosuna elə onun atası Zəfər Əhmədli məlumat verib.
Zəfər Əhmədlinin sözlərinə görə o, bu gün, oktyabrın 7-də Müalicə Müəssisəsində oğluna baş çəkib:
"Təəssüf ki, görüş vermədilər, lakin telefonla danışa bildik. Fuad mənə dedi ki, hərtərəfli müayinə aparılır, lazım olan bütün dərmanlarla təchiz olunub".
Zəfər Əhmədlinin əlavə etməsinə görə, Müalicə Müəssisəsində ona deyilib ki, Fuad Əhmədli rentgen müayinəsi də daxil bütün digər müayinələrdən keçəndən sonra saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsinə qaytarılacaq:
"Dedilər ki, stasionar müalicəsi üçün göstəriş yoxdur. Fuadın özü də orada qalmaq istəmir. Ona görə, bütün müayinələrdən sonra müalicəni cəzaçəkmə müəssisəsində davam edəcək".
Atası vurğulayıb ki, Fuad Əhmədlinin səhhətində həyatına təhlükə yaradacaq hal aşkarlanmayıb.
Baş Tibb İdarəsi: «Fuad Əhmədlinin səhhəti stabildir»
«Fuad Əhmədlinin səhhəti stabildir. O, hərəkət zamanı bel nahiyəsində ağrıların olmasından və tək-tək öskürəkdən narahat olduğunu bildirir. Müayinələr, həkim mütəxəssislərin baxışları nəticəsində bel nahiyəsində və ağciyərlərində ciddi patologiya aşkar edilməyib».
Bunu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov «Amerikanın Səsi»nə bildirib. Onun sözlərinə görə, F.Əhmədlinin müayinəsi yaxın 2-3 günə başa çatdırılacaq.
«Hazırki anadək stasionar şəraitdə müalicəyə ehtiyac duyulmur», -o qeyd edib.
+++
4 il azadlıqdan məhrum edilən müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədli-nin oktyabrın 5-də Penitensiar Xidmətin xəstəxanasına köçürüldüyü bildirilir.
Məlumatı AzadliqRadiosuna onun atası Zəfər Əhmədli verib.
Zəfər Əhmədli oğlu ilə iki gün əvvəl, oktyabrın 4-də görüşüb. O, oğlunun ağciyər və böyrək xəstəliklərindən əziyyət çəkdiyini söyləyir:
“Oğlum həbsdən əvvəl ağciyər xəstəliyi ilə bağlı əməliyyat olunub, buna görə qapalı yerdə qala bilməz, Ali Məhkəmədə proses zamanı 1 ay Kürdəxanıdakı təcridxanada qaldı, ordan qayıdandan sonra vəziyyəti pisləşmişdi, nəfəs ala bilmirdi. İkinci problem böyrək ağrılarıdır. Görüş zamanı rəisə dedim ki, heç olmasa müayinədən keçirsinlər, vəziyyəti yaxşı deyil. Oktyabrın 5-də həbsxanadan zəng etdilər ki, artıq xəstəxanaya aparıblar”.
Bu məlumatı, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.
F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb.
İttihama görə, o, operator işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb. AXCP üzvü Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.Yuxarı məhkəmə instansiyaları hökmü qüvvədə saxlayıb. F.Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymırlar.