Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Qaçay Qafarov iyulun 6-da 15 sutka inzibati qaydada həbs olunub.
Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.
Məlumata görə, Göyçay Rayon Məhkəməsi Qafarovu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması) maddəsini pozmaqda təqsirli bilib.
AXCP-dən bildirilib ki, Q.Qafarov iyulun 4-də axşam saatlarında polis tərəfindən saxlanılıb. "Qafarovu saxlayaraq Göyçay Rayon Polis Şöbəsinə aparıblar. Dünən də bütün günü orada saxlanılıb. Bu gün o, məhkəməyə aparıldı və 15 sutka müddətinə həbs olundu".
Partiyadan əlavə ediblər ki, Qafarovun həbsinə səbəb sosial şəbəkədə polislə bağlı yazdığı tənqidi statusdur.
Bu açıqlamaya hələlik Göygöl Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə heç kim siyasi baxışlarına və tənqidi mövqeyinə görə təqib olunmur.
Göyçayda AXCP üzvü saxlanılıb
AXCP üzvü Qaçay Qafarov iyulun 4-də polisə aparılıb. Məlumatı AzadliqRadiosuna partiyanın rayon təşkilatından Namiq Hacıbəyli verib.
O, Qaçay Qafarovun Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olduğunu söyləyib. Qaçay Qafarov Müsavat partiyası Göyçay rayon təşkilatının Şura üzvü Alışan Qafarovun oğludur. Namiq Hacıbəyli bildirib ki, cəbhəçi Facebook profilində “Polis günü” haqqında tənqidi status yazdığına görə aparılıb:
“İyulun 4-də Yalman kəndində qoyun otararkən, polislər onu heç bir izahat vermədən aparıblar. Sonradan öyrəndik ki, polis barədə yazdığına görə saxlayıblar”.
Namiq Hacıbəyli iyulun 6-da səhər saat 11-də Qaçay Qafarov haqqında yerli məhkəmənin hökm verəcəyini bildirib.
AXCP iyulun 4-də daha bir üzvü Əlixan Rəcəblinin polis tərəfindən saxlanıldığını bildirib.
Məlumata görə, AXCP üzvü günorta saatlarında yaşadığı evdən Masallı Rayon Polis Şöbəsinə aparılıb. Partiyadan deyilir ki, Ə.Rəcəblinin saxlanma səbəbi onun sosial şəbəkələrdə aktivliyi ilə bağlıdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.