AXCP sədrinin müavini Ayaz Məhərrəmli iyunun 7-də sərbəst buraxılıb.
Bu barədə onun özü məlumat verib.
A.Məhərrəmli deyib ki, taksi fəaliyyəti ilə məşğuldur və iyunun 6-da Şirvan şəhərinə bağlama aparıb: "Bağlamanı gətirmişəm, evə çörək yeməyə dəvət ediblər. 10 dəqiqədən sonra evə polis gəlib, bildiriblər ki, qonşuların oğurluqla bağlı şikayətləri var. Məni də aparıblar bölməyə. Bu gün, iyunun 7-də isə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 150 manat cərimələyərək buraxdılar".
AXCP sədrinin müavini saxlanıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Ayaz Məhərrəmli saxlanıb.
Partiyadan AzadlıqRadiosuna verilən məlumata görə, A.Məhərrəmli ilə iyunun 6-da axşam saatlarından əlaqə saxlamaq mümkün olmayıb. İyunun 7-də isə onun saxlandığı və oğurluqda ittiham edildiyi ilə bağlı məlumat alıblar: "Bu, mümkün deyil. O, taksi sürücüsü işləyirdi, ola bilsin ki, hansısa evə çanta daşımağa kömək edib. Görünür ki, hökumətin bütün ittihamları tükənib, indi buna əl atıblar".
AXCP hesab edir ki, A.Məhərrəmlinin həbsi birbaşa onun siyasi fəaliyyəti ilə bağlıdır.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən isə "Turan"a bildirilib ki, iyunun 6-da saat 23 radələrində "102" zəng mərkəzinə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin girməsi və bunun kameraya düşməsi ilə bağlı müraciət daxil olub.
"Çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib", - məlumatda əlavə edilib.
Xatırlatma
Hazırda AXCP-nin 10-a qədər fəalı uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifariş ilə həbs edildiyini açıqlayıb.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 arasında siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Buna da bax: Həbsdəki Xalq Cəbhəsi üzvü ilə bağlı prokurorluğa şikayət verilib