Faiq Əmirlinin də həbs müddəti uzadıldı

Faiq Əmirli

Nəsimi Rayon Məhkəməsi noyabrın 11-də “Azadlıq” qəzetinin keçmiş maliyyə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin həbs müddətini uzadıb.

Bu haqda onun vəkili Aqil Layicov məlumat verib.

İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə baxılıb. Məhkəmə F. Əmirli barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair prokurorluğun vəsatətini təmin edib.

Buna da bax:​ Vəkil: 'Faiq Əmirli həbsdə 20 kiloqram çəki itirib'

Qərara əsasən, F.Əmirlinin həbs müddəti 2017-ci ilin yanvar ayının 12-dək uzadılıb.

Vəkil qərarla razılaşmadıqlarını, apelyasiya şikayəti verəcəklərini bildirib.

F. Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

Buna da bax: Vəkil: 'Faiq Əmirli ilə bağlı istintaq hərəkəti aparılmır'

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Türkiyə hökumət rəsmiləri iyulun 15-də ölkələrində baş verən çevriliş cəhdini Fethullah Gülenin himayə etdiyini bildirir. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F. Gülen isə bu iddiaları yalanlayıb.

Hazırda AXCP-nin 10-dan çox fəalı həbsdədir. Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Faiq Əmirli ev dustaqlığına buraxılmadı