'Nazirliyin 'get filan saytları blokla' demək hüququ yoxdur'

Azadliq.org mobil telefonda da blok olunur. 29mart2017

“İstehlakçı hüquqlarımı pozaraq bəzi saytları blokladığına görə KATV-ni məhkəməyə vermək istəyirəm. Od qiymətinə internet satır, hələ utanmadan saytlara blok qoyur”.

Facebook istifadəçisi, jurnalist Vüsalə Rüstəmova sosial şəbəkədə belə yazıb.

Yeri gəlmişkən, son zamanlar sosial şəbəkədə bu cür istəkdə bulunanlar az deyil.

Buna da bax:​ azadliq.org saytına giriş çətinləşib

Vüsalə Rüstəmova AzadlıqRadiosu-na deyir ki, azadliq.org, azadliq.info və meydan.tv saytlarına qoyulan bloka görə martın 29-da adıçəkilən qurumla - KATV ilə əlaqə saxlayaraq, problemə aydınlıq gətirməyə çalışıb, amma...

“Mən, əsasən, xəbərləri bu saytlardan oxuyuram. Hər ay 18 manat pul ödədiyim halda üç sayta girişlə bağlı əngəllər var. Bununla da informasiya almaq və istehlakçı hüququmun pozulduğunu düşünürəm. KATV-nin Əhmədli filialı ilə əlaqə saxladım. Onlar heç bir sayta blok qoymadıqlarını bildirdilər”.

Bəs necə olur ki, üç sayta girmək mümkün olmur? KATV-dən abunəçiyə bu sualın cavabında həmin saytlara interneti aldıqları şirkətin – “Delta telecom”un blok qoyduğunu” söyləyiblər.

Buna da bax: Azərbaycanda bəzi saytlara giriş niyə əngəllidir?

Azadlıq Radiosunun saytı blok olunub. 29 mart, 2017

Vüsalə Rüstəmova KATV-nin baş ofisinə və provayderin interneti aldığı quruma – “Delta telecom”a rəsmi sorğu göndərməyə hazırlaşır. Rəsmi cavab onu qane etməsə, bu dəfə məhkəməyə üz tutacaq.

Hüquqşünas məsləhəti

Media hüququ eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, indiki halda Vüsalə Rüstəmova müqavilə bağladığı, “onun evinə internet verməli olan” KATV-ni məhkəməyə verməlidir, ancaq adıçəkilən qurum desə ki, yox, bu, “Delta telecom”dan qaynaqlanır, o zaman bununla bağlı məhkəməyə sübutlar təqdim etməlidir və yalnız bundan sonra cavabdeh tərəf dəyişir.

“İndi iki tərəf var - bir xidmət təqdim edən tərəf, bir də xidməti alan tərəf. Bunların arasında konkret müqavilə bağlanıb. Müqavilə öhdəliklərinə görə birinci tərəf limitsiz internet təqdim etməlidir, ikinci tərəf ona uyğun ödəniş gerçəkləşdirməlidir. Məhkəmə iddiası hüquqi öhdəliyini yerinə yetirməyən provayderə qarşı qaldırılmalıdır. Çünki provayder öhdəliyini yerinə yetirmirsə, deməli, pozuntuya yol verdiyi üçün məhkəməyə verilməli olan tərəf də odur”.

Buna da bax:​ 'Sərhədsiz Reportyorlar' saytların bloklanması və başqa təzyiqlərlə bağlı

Nazirliyin işi ola bilər?

Bu ilin martında Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Telekommunikasiya haqqında” qanunlara dəyişiklik edilib. Dəyişikliyə görə, 8 saat içində hansısa internet resursdan icra orqanının nəzərdə tutduğu məlumat çıxarılmasa, ona giriş qapadılacaq. Başqa sözlə, həmin məlumat hüquqi mübahisə predmeti olmadan, birbaşa müvafiq icra orqanının mülahizəsi əsasında bağlana, bloklana bilər.

Buna görə də bəzi saytlara girişinin çətinləşməsinin provayderlərin işi olmadığını, bunun konkret icra qurumu tərəfindən edildiyini düşünənlər də var.

Ələsgər Məmmədli

Ələsgər Məmmədli deyir ki, bu halda, ilkin olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi provayderə rəsmi şəkildə göstəriş verməlidir. Həmin göstərişdə konkret internet resursunun qanun pozuntusuna yol verdiyi göstərilməli və 8 saat ərzində həmin sayt ya bağlanmalı, ya da bloklanmalıdır.

Buna da bax: Səməd Seyidov: 'Azərbaycan hökuməti o səviyyədə deyil ki...'

“Söhbət AzadlıqRadiosu-nun, “Azadlıq” qəzetinin və ya Meydan TV-nin saytlarından gedirsə, bu o zaman ola bilər ki, nazirlik 8 saat içində hansısa materialın çıxarılmasını əmr edə. Çıxarılmadığı halda provayderlər blok qoya bilər. Birbaşa “get filan saytı blokla” demək hüququ yoxdur nazirliyin”, - hüquqşünas belə deyir.

Nazirlik ehtimalları rədd edir

Yeri gəlmişkən, nazirlik bu yöndə ehtimalları rədd edir, həmin saytlara girişin məhdudlaşdırılmasının qanunvericiliyə son dəyişikliklərdən qaynaqlanmadığını bildirir.

Bir neçə gündür ölkə daxilində azadliq.org, azadliq.info, meydan.tv saytlarına giriş çətinləşib. Mütəxəssislər bunun hakimiyyətin müdaxiləsi nəticəsində baş verdiyini güman edirlər.

Buna da bax:​ Bloklanan sayta girmək olarmı?

Bir qədər öncə Amnesty International VirtualRoad.org saytı son hesabatlarında Azərbaycanda siyasi fəallara, ayrı-ayrı saytlara kiberhücumlardan yazmışdılar.

VirtualRoad.org bildirirdi ki, son aylarda abzas.net, cumhuriyyet.net və azadliq.info saytlarına eyni mənbədən hücumlar ediblər. “İzlər göstərir ki, bu saytlara eyni IP ünvandan hücum edilib. Həmin IP şəbəkədə isə Azərbaycanın bir neçə hökumət qurumu var: Azərbaycan Xarici İşlər Nazirliyi (tourvisa.mfa.gov.az@85.132.24.246), Nazirlər Kabinetinin poçt serveri (mail.cabmin.gov.az@ 85.132.24.82), Nəqliyyat nazirliyinin poçt serveri (mail.mot.gov.az@85.132.24.51)”.