ABŞ-nin Qlobal Media Agentliyi (USAGM) Azad Avropa/Azadlıq Radiolarının rusdilli "Current Time" layihəsinin kontentinin yayıldığı iki peyk sistemi ilə kontrakları kəsib.
"Current Time" aprelin 4-də bildirib ki, USAGM-in addımından sonra "Astra" və "Eutelsat" daha onların verilişlərini yayımlamır. Ancaq "Hotbird" peyk sistemində yayım davam edir.
USAGM qərarını izah etməyib. Bu agentlik AzadlıqRadiosu, "Amerikanın Səsi"nin işinə nəzarət edir.
Rusiyanın Ədliyyə Nazirliyi "Current Time"ı "arzuolunmaz təşkilat" siyahısına salıb. Rusiya, Ukrayna, Orta Asiya, Şərqi Avropa və digər regionlara fokuslanan "Current Time" izləyiciləri proqramlarına digər rəqəmsal vasitələrlə çıxışın qaldığını bildirib.
AzadlıqRadiosu Belarus, Çin, İran və Rusiya kimi ölkələrdə 50 milyonadək insanı əhatələyir, 23 ölkədə, 27 dildə müstəqil, qərəzsiz xəbər və informasiya çatdırmağa çalışır.
AzadlıqRadiosu pulunu gözləyir, məhkəmə iddiası davam edir
Azad Avropa/Azadlıq Radioları (RFE/RL) Konqresin ayırdığı maliyyənin ödənməsini təmin etmək üçün ABŞ-nin Qlobal Media Agentliyinə (USAGM) qarşı məhkəmə iddiasını davam etdirir. Bunu radio martın 28-də bəyanatında bildirib.
Agentlik martın 15-də AzadlıqRadiosuna ayrılan qrantın kəsildiyini bildirib. Bundan öncə ABŞ prezidenti Donald Tramp USAGM daxil olmaqla yeddi agentlikdə ixtisarlarla bağlı fərman imzalayıb.
Martın 26-da agentlik radioya həmin qərarın ləğv olunduğunu, ancaq USAGM-in qrantı kəsmək səlahiyyətinin məhdudlaşdırılmadığını bildirib.
Rəsmi təsdiq gəlməyib
AzadlıqRadiosunun məhkəmə iddiasında deyilir ki, USAGM-in bu səlahiyyəti yoxdur, çünki qrantı Konqres ayırır.
Radio martın 27-də yaydığı bəyanatda qrantın bərpasına dair USAGM-dən rəsmi təsdiq gözlədiyini bildirib. Martın 28-dəki bəyanat isə bunun hələ də baş vermədiyini göstərir.
ABŞ məhkəməsi martın 25-də AzadlıqRadiosunun iddiasını təmin edib, USAGM-in radionun qrantını kəsməklə "özbaşına və şıltaqcasına" davrandığını bildirib.
Qrantın kəsilməsi haqda məktubu Keri Leyk imzalayıb. O özünü USAGM-in fəaliyyətdə olan direktorunun aparıcı müşaviri kimi təqdim edib.
Martın 26-da AzadlıqRadiosuna məktubundan sonra Leyk radionu və agentliyin digər qurumlarını tənqid edib.
"Amerika xalqına sual budur ki, çətinliklə qazandığınız vergi dollarının bu cür propaqandaya getməsini istəyirsinizmi? Hazırda ABŞ-nin Qlobal Media Agentliyində buna görə savaşıram və döyüş ağır olacaq", –o, "Newsmax"a deyib.
"One America News"a müsahibəsində isə Leyk USAGM qurumlarında jurnalistikanı hələ yoxlamadığını açıqlayıb.
Məhkəmə VOA-nın xeyrinə qərar çıxarıb
Martın 28-də Nyu-York federal hakimi isə Tramp administrasiyasının "Amerikanın Səsi"ni bağlamağı hədəfləyən səylərini bloklayıb. Qərarda işçilərin, kontraktorların ixtisarı, məcburi məzuniyyətə göndərilməsi qadağan olunub.
VOA işlərini matın 15-də yayımı dayandıraraq binanı tərk etmək göstərişi verilib. Daha sonra onların kompüter sistemlərinə, e-mail-ə çıxışı bloklanıb. O vaxtdan VOA-nın vebsaytı yenilənməyib.
Martın 28-də USAGM-ə daxil Azad Asiya Radiosu (RFA) bildirib ki, məhkəmələr Tramp administrasiyasının onun maliyyəsini kəsməsini önləməsə, aprelin sonunda bağlanacaq.
RFA ABŞ-dəki işçilərinin 75 faizini məzuniyyətə göndərdiyini, frilans jurnalistlərinin azı 90 faizi ilə işi dayandırdığını açıqlayıb.