AzadlıqRadiosuna yeni prezident təyin olunub

Stiven Kapus

Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) Direktorlar Şurası amerikalı media meneceri Stiven Kapusu (Stephen Capus) şirkətin prezidenti vəzifəsinə təyin edib. O, 2024-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Kapusun jurnalistika, prodüserlik və media menecmenti sahəsində 40 ildən çox təcrübəsi var, onun azı 25 ilini rəhbər vəzifələrdə çalışıb. 2005-ci ildə NBC News-un prezidenti, 2014-cü ildə CBS News-un icraçı redaktoru olub.

"AzadlıqRadiosuna rəhbərlik etmək imkanı ilə fəxr edirəm, çünki o, dünyada ən etibarlı müstəqil xəbər və informasiya qaynağı olmaq missiyasını qətiyyətlə yerinə yetirir", – Kapus bildirib.

Kapus bu vəzifədə Ceymi Flayı (Jamie Fly) əvəzləyəcək. Flay 2023-cü ilin yayında bu vəzifədən gedib. İyuldan bəri radionun prezidenti postunu müvəqqəti olaraq AzadlıqRadiosunun Direktorlar Şurasının üzvü Cefri Qedmin (Jeffrey Gedmin) icra edir.

Azad Avropa/Azadlıq Radioları (RFERL) müstəqil beynəlxalq media korporasiyasıdır, ABŞ Konqresi tərəfindən, ABŞ-ın Qlobal Media Agentliyi (USAGM) vasitəsilə maliyyələşir. Radio 23 ölkədə 27 dildə yayımlanır.