Daha bir cəbhəçiyə 30 sutka verilib

Arxiv foto

Azərbaycan Xalq Cəbhəsi Partiysının (AXCP) fəalı İslam İslamzadəyə aprelin 18-də məhkəmənin qərarı ilə 30 sutka inzibati həbs verildiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən deyiblər.

“İ.İslamzadə aprelin 17-də axşam saxlanıb. Aprelin 18-də Nəsimi Rayon Məhkəməsində hakim önünə çıxarılıb. Məhkəmə AXCP fəalına İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib”, deyə partiyadan vurğulayıblar.

AXCP-dən ittihamları əsassız və siyasi sifariş sayıblar.
Partiyadan verilən bu açıqlamaya, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və Nəsimi Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.Amma rəsmilər bir qayda olaraq ölkədə siyasi motivli həbslərin olması haqqında deyilənləri qəbul etmirlər.

‘Azadlıq’ qəzetinin müxbiri sərbəst buraxılıb

“Azadlıq” qəzetin müxbiri Təzəxan Mirələmli sərbəst buraxıldığını açıqlayıb.

Təzəxan Mirələmli Azadlıq Radiosuna bildirib ki, onu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin yaşadığı evdən çıxararkən mülki geyimli şəxslər saxlayıb:

"Üç nəfər idilər. Məni Xətai Rayon Polis İdarəsinə apardılar. Saxlanma səbəbi kimi bildirilər ki, mənə qarşı açılmış cinayət işi ilə bağlı idarəyə çağırmaq üçün zəng ediblər, lakin telefonu açmamışam. Halbuki, mənə heç bir zəng gəlməmişdi. Daha sonra mənə sənədlərdə cuzi bir dəyişiklik etmək lazım olduğunu dedilər. Bu xırda dəyişikliyə görə, məni 5 saata yaxın idarədə saxladılar".

Təzəxan Mirələmli vurğulayıb ki, baş verənlər Azərbaycan Xalq Cəbhəsi Partiyasına təzyiqlərin tərkibidir.

Onun bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

"Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmli haqqında cinayət işi başlanıb. Səbəb isə sosial şəbəkələrdə hökuməti müdafiə edən paylaşımlar və aksiyalarda çıxışlar edən Ata Abdullayevin ondan şikayətçi olmasıdır.

Abdullayev iddia edib ki, Mirələmli bu il fevralın 26-da Xocalı faciəsinin ildönümündə Milli Şura anım abidəsini ziyarət edən zamanı onu vurub.

Təzəxan Mirələmli bu iddianı rədd edib. Onun haqqında Cinayət Məcəlləsinin 221.1 maddəsi (xuliqanlıq) ilə cinayət işi başlandığı bildirilir.

Bu maddədə 1000 manatdan 3000 manata qədər cərimə, 1 ilə qədər islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək həbs cəzası nəzərdə tutulub.

***

Bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai şöbəsinin üzvü İslam İslamzadə və “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin saxlandığı bildirilirdi.

Məlumatda bildirilib ki, İslam İslamzadə günorta saat 13.00 radələrində saxlanıb:

“Həyat yoldaşıyla birlikdə övladlarına kitab almaq üçün Qış parkının yaxınlığında yerləşən mağazaya gediblər. Xanımı mağazadan çıxanda görüb ki, nə maşını var, nə də özü. Telefonuna da zəng çatmır”.

Təzəxan Mirələmlini isə partiya sədri Əli Kərimlidən evində müsahibə alıb çıxanda mülki geyimli şəxslərin tutub apardıqları qeyd edilir.

Daxili İşlər Nazirliyindən adları çəkilən şəxslərin saxlanması barədə deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Buna da bax: Təzəxan Mirələmliyə cinayət işi açılıb

Karantin dövründə həbs olunan AXCP üzvləri

Aprelin 17-də Abşeron rayon Məhkəməsinin qərarıyla AXCP-nin başqa bir üzvü Vüqar Əbilli da polisə müqavimətdə suçlanaraq, inzibati qaydada 20 sutka həbs olunub. Son on gündə 6 nəfər AXCP fəalı İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə həbs olunub. Onlardan AXCP sədrinin köməkçisi Faiq Əmirli, mühafizəçiləri Ruslan Əmirov, Niyaməddin Əhmədov, partiya fəalları Baba SüleymanovNicat Abdullazadənin hər birinə 30 sutka həbs cəzası verilib.

Bundan əlavə, AXCP məlumat yayıb ki, aprelin 15-dən partiya sədri Əli Kərimlinin həm özünün, həm də ailə üzvlərinin telefon və internet əlaqələri məhdudlaşdırılıb.

AXCP baş verənləri partiyaya qarşı təzyiqlərin növbəti dalğası kimi dəyərləndirir. Partiya hesab edir ki, hakimiyyət karantin rejimindən fəalları cəzalandırmaq üçün də istifadə edir.

Daxili İşlər Nazirliyi isə xüsusi karantin rejimi çərçivəsində müxalifət nümayəndələrinin təqib olunması haqda fikirlərin əsassız olduğunu bəyan edib.

“Obyektivlikdən sözsüz ki, kənar olan həmin iddiaların heç bir əsası yoxdur. Bu cür qərəzli fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyil. Əqidəsindən,... asılı olmayaraq, cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır”, - rəsmi açıqlamada vurğulanır.

Amma AXCP sədri Əli Kərimli-nin həm özünün, həm də ailə üzvlərinin telefon, internet əlaqələrinin məhdudlaşdırılması ilə bağlı açıqlamaya gəldikdə isə, buna, hələlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda da martın 24-dən aprelin 20-nə kimi karantin rejimi elan edilib. İndi dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.