Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 6 milyard 913,2 milyon ABŞ dolları (12 241,3 milyon manat) təşkil edib.
Maliyyə Nazirliyinin verdiyi məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM-ə) olan nisbəti 20,4 faiz olub.
Məlumatda deyilir ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə insitutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Bu il dövlətin xarici borcları üzrə 1 milyard 580 milyon 636.323 min manat məbləğində ödəniş olunacaq.
Nazirlik daha əvvəl xarici dövlət borcu ilə bağlı rəsmi bilgiləri 2016-cı ilin oktyabr və iyul aylarında açıqlamışdı.
Oktyabrda xarici dövlət borcunun ümumi məbləği 7 milyard 650 milyon dollar təşkil etmişdi. İyul ayında açıqlanmış bilgilərdə isə deyilirdi ki, Azərbaycanın xarici dövlət borcu 7 milyard 638 milyon dollardır.