Azərbaycanda ‘Aİ-95’ premium markalı benzin bahalaşıb 

Arxiv foto

İyulun 31-dən Azərbaycanda "Aİ-95" markalı benzinin qiyməti 1,40 manatdan 1,45 manata yüksəlib.

Bu məlumatı “Report”a açıqlamasında “SOCAR Petroleum” qapalı səhimdar cəmiyətinin mətbuat katibi Üzeyir Həbibbəyli də təsdiq edib.

Onun sözlərinə görə, buna səbəb bu marka benzinin istehsalçı ölkədə bahalaşmasıdır.

O, habelə bildirib ki, Azərbaycan “Aİ-95” premium markalı benzini əsasən Rumıniyadan idxal edir:

“Digər yanacaqlar markalarının satışı köhnə qiymətlərlə davam etdirilir”.

Azərbaycanda sonuncu dəfə, “Aİ-95” premium markalı benzinin qiyməti bu il iyunun əvvəlində 15 qəpik artaraq 1,40 manat olmuşdu.

Aİ-95 “premium” markalı benzin Azərbaycanda istehsal edilmir. Onun qiymətini də Azərbaycan Tarif Şurası tənzimləmir.

Bu il yanvarın 4-də Tarif Şurasının iclasında ölkədə istehsal edilən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 80 qəpik müəyyən edilmişdi. Onda Aİ-92 10, dizel 20 qəpik bahalaşmışdı.

Bəzi iqtisadçılar ölkənin "Aİ-95" premium və super markalı benzinlərlə bağlı idxaldan asılı olmasına görə hökuməti tənqid edirlər.