Əliyev Avrasiya İqtisadi Birliyi barədə: 'Belə planlarımız yoxdur, amma...'

İlham Əliyev

Bakının Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmaq planları yoxdur.

Bunu prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib: "Bizim belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik. Əks halda, bizi indi mövcud olan əməkdaşlıq səviyyəsi də qane edir".

AİB-in tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlət başçısı daha sonra da bunları deyib: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var".

AİB 2014-cü ildə yaradılıb. Quruma, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Azərbaycanda son günlər bəzi təhlilçilər Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına başlanması fonunda rəsmi Bakıya bu qurumdan dəvət gələ biləcəyi proqnozunu irəli sürmüşdülər. Sülhməramlılar 2020-ci ildə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin razılaşması əsasında bölgəyə yerləşdirilib. Onun müddəti gələn il başa çatırdı.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi. Dörd il əvvəl 44 günlük İkinci Qarabağ müharibəsi və ötən il birgünlük əməliyyat nəticəsində Azərbaycan işğalda olan ərazilərə nəzarətini bərpa edib. Ötən il Qarabağda aparılan birgünlük əməliyyatı Ermənistan "etnik təmizlənmə" adlandırmışdı. Həmin vaxtdan sonra da Qarabağdan erməni əhali köç edib.

Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) keçirilməlidir.