Dünyada bayraqlara həsr olunmuş şeir müsabiqəsi keçirilsəydi, Cəfər Cabbarlının Azərbaycan bayrağına şeiri, yəqin ki, ön yerlərdən birini tutardı. «Azərbaycan» qəzetinin 1919-cu il 29 avqust nömrəsində çap olunmuş şeirdə 20 yaşlı Cəfər Cabbarlı bayrağın özəlliklərini belə açırdı:
ÜÇRƏNGLİ BAYRAĞIN TƏSVİRİ
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə belə söyləmək:
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur.
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!
BOLŞEVİK İŞĞALI... 8 AY SONRA
Heyhat! Bu sevginin ömrü gödək oldu.
Şeir yazılandan düz 8 ay sonra Azərbaycan bayrağı, Rəsulzadə demiş, «Parlamento binasının üzərindən endirildi»...
Daha sonra bu bayraq mühacirətə «yollandı».
Mühacirətdə olan cümhuriyyətçilər onu unudulmağa qoymadılar. Evlərində qorudular, yenisini tikdilər, hər 28 May günündə onun ətrafına toplaşaraq bu estafeti balalarına ötürdülər.
Amma XX əsrdə bu bayrağın taleyinə bir neçə yaddaqalan olay da yazılıb. Onları bu müqəddəs Bayraq Günündə xatırlatmamaq mümkünsüzdür.
BİRİNCİ OLAY: BERLİN-1943-CÜ İL
Həmin il noyabrın 6-da Azərbaycan legionerlərinin başçısı Əbdürrəhman-Fətəlibəyli-Düdənginski azərbaycanlı legionerlərin Milli Azərbaycan qurultayını keçirir. Almaniya dövləti bu qurultaya təbrik və nümayəndələr göndərir. Qurultayda digər xalqların təmsilçiləri də iştirak edir. Fətəlibəyli qurultayda deyir: «Biz çar valilərinə, bolşevik girovluğuna dözmədiyimiz kimi, hər hansı bir millətin hakimiyyətinə də dözməyəcəyik. Azərbaycanı azərbaycanlılar idarə etmiş və yenə onlar idarə edəcəklər!». Konqresdə Milli Birlik Məclisi yaradılır. Qurultay Azərbaycanın müstəqil yaşaması barədə ayrıca sənəd qəbul edir. Berlində «Kayzeroff» otelində keçirilən qurultayda Azərbaycanın üçrəngli bayrağı dalğalanır...
BAKI-1956-CI İL
1956-cı ildə rejissor Cahid Hilaloğlu Bakıdakı həmfikirlərini başına toplayaraq, mayın 28-də Cümhuriyyətin yaranışını məxsusi qeyd etməyi – Qız Qalasının başına Cümhuriyyət bayrağını sancmağı qərarlaşdırır. Və sancır da! Özünü dərk edəndən bolşevik istilası ilə barışmayan Cahid Hilaloğlu bu milli dövlət rəmzinin hansı rənglərdən oluşması, üstündəki səkkizguşəli ulduz və aypara barədə təbii ki bilgili olub. Ancaq onun bayrağı necə hazırlaması bilinmir. Cahidi milislər saxlayır. O vaxt siyasi dustaqları başqa adla şərləyib tuturdular. Cahidi də «palto oğurladığına görə» tuturlar. Cahid Hilaloğlu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır. Maraqlıdır ki, Cahidin istintaq işində bayrağın adı belə çəkilmir. Ancaq bu inanılmaz olay yaddaşlarda əbədi qalır!
NYU-YORK-1956-CI İL
Məcid Musazadə-Qarsalanlı legionçuların orqanı olan «Azərbaycan» qəzetinin redaktoru, legionçuların yuxarıda haqqında danışılan 1943-cü il Konqresinin iştirakçısı olub. Konqresin təşkilat komitəsində yer alıb. O, «Amerikanın səsi»ndə işləməyə başlayan ilk azərbaycanlılardandır. Hətta Nyu-Yorkda Ənvər Sultanzadə ilə ilk Amerika-Azərbaycan Cəmiyyəti də yaradır. Uzun illər AzadlıqRadiosunda çalışır. 1956-cı il oktyabrında macar xalqı Kreml ağalığına qarşı qalxır. Noyabrda ölkəyə sovet tankları yeridilir və Nyu-Yorkun «Ruzvelt» otelində kütləvi yığıncaq keçirilir. Bu xəbəri alan Məcid Musazadə dərhal Nyu-Yorkda bütün ölkələrin bayrağının satıldığı dükana gedir. Təbii ki dükanda hazır Azərbaycan bayrağı olmur. Dükan sahibi ilə danışan Məcid bəy 2 günə bayrağı hazırladır və 3-cü gün bayrağı götürüb toplantıya qatılır. Beləliklə, toplantının Rəyasət Heyətində müxtəlif ölkələrin milli bayraqları ilə yanaşı, üçrəngli Azərbaycan bayrağı da dalğalanır və sürəkli alqışlarla qarşılanır...
MAŞTAĞA-1976-CI İL
1952-ci ildə Berlində M.Ə.Rəsulzadə Azərbaycan legionerlərinin təmsilçiləri ilə görüşür. Görüşdə Rəsulzadə legionerlərdən özünün tikdiyi üçrəngli bayrağı Vətənə kimin apara biləcəyini soruşur. Maştağadan olan Gülmirzə Bağırov bayrağı Vətənə çatdıra biləcəyinə söz verir. 34 il sonra Vətənə qayıdan Gülmirzə kişi 1976-cı ildə Maştağa kənd sovetində asılan sovet bayrağını çıxarıb yerinə Rəsulzadənin əmanət verdiyi həmin bayrağı sancır... 1998-ci ildə Müsavat Partiyasına verilən həmin bayraq indi Milli Tarix Muzeyində qorunur.
YENİDƏN «PARLAMENTO BİNASI»NDA!
Beləliklə, üçrəngli bayraq uzaq-yaxın məmləkətlərdə ürəklərdə yaşayır, sevənlərin qoynunda qorunur və həm də, yuxarıda adlarını çəkdiyimiz insanların sayəsində uzun-uzun onilliklərdən keçib təzədən «Parlamento binası»nın üzərində dalğalanır...
99 yaşlı Bayraq Gününüz mübarək olsun!