Azərbaycan və Belçka nazirləri Laçın dəhlizindən danışıblar

Belçikanın xarici işlər naziri Hadja Lahbib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Belçikanın xarici işlər naziri Hadja Lahbiblə görüşüb. Onlar Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında bir sıra sahələrdə strateji əməkdaşlığı müzakirə etdilər.

"Turan" Agentliyinin xəbərinə görə, bu barədə Bayramov Belçikalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

"Son illər ərzində Aİ üzv ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın artan rolu, bu sahədə icra olunan layihələr barədə fikir mübadiləsi apardıq", - deyə nazir bildirib.

Ceyhun Bayramov qeyd edib ki, Belçika ilə Azərbaycanın ikitərəfli münasibətlərinə də toxunublar:

"2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 80 milyon dollar olub. Belçika Azərbaycana 120, Azərbaycan isə Belçikaya 250 milyon dollar investisiya qoyub".

Onun sözlərinə görə, görüşdə Laçın yolunda mövcud vəziyyətdən də bəhs edilib. O, vurğulayıb ki, Laçın sərhəd-buraxılış məntəqəsi bugün fəaliyyətini davam etdirir:

"Beynəlxalq Qızıl Xaç Komitəsinin müraciətləri əsasında hər iki istiqamətdə keçidlər var, həmçinin Rusiya sülhməramlı kontingentinin müraciəti ilə yeri sakinlərin keçidi həyata keçirilməkdədir".

Eyni zamanda o qeyd edib ki, Azərbaycan ərazisində üçtərəfli bəyanata zidd olaraq, hələ də qanunsuz silahlı birləşmələrin qalması bu sahədə ən böyük təhdiddir.

Buna da bax: Paşinyan deyir ki, ermənilər təkcə Hadruta yox, həm də Goranboy və Göygölə qayıtmalıdır

Beliçkalı nazirin dedikləri...

Belçikalı nazir də bildirib ki, səfərinin səbəblərindən biri də Qarabağ regionundakı gərginliklə bağlıdır:

"Biz bilirik ki, Siz Ermənistanla sülh əldə olunması üçün çox səy göstərirsiniz. Mən Ermənistan xarici işlər nazirinə də dedim ki, indi dayanıqlı sülh əldə olunması üçün tarixi fürsət yaranıb. Hər iki ölkənin rəhbəri də bildirib ki, ərazi bütövlüyünə və suverenliyə hörmət vacibdir. Səmimiyyət, cəsarət vacibdir. Biz əməkdaşlığı davam etdirməliyik".

O, Laçın dəhlizi məsələsinə də toxunub:

"Biz istəyirik ki, Laçın dəhlizində məhdudiyyətlər olmasın, bu, fayda gətirmir, imkanları daraldır. Biz istəyirik bu məsələ həllini tapsın. Bu qadınların, uşaqların, yaşlıların həyatına risk yarada bilər. Biz hesab edirik ki, Azərbaycan məsuliyyətli şəkildə bu məsələni həll edə bilər."

Belçikanın xarici işlər naziri Hadja Lahbib Azərbaycandan öncə Ermənistanda səfərdə olub.

Mətbuat konfransında səslənən fikirlərə, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil.

Amma Ermənistan rəsmiləri Qarabağdan silahlı qüvvələrinin çıxarılmaması ilə bağlı deyilənləri qəbul etmirlər.Onlar vurğulayırlar ki, Qarabağdak; "müdafiə" ordusunun onlara aiddiyyatı yoxdur.

Üstəlik, Ermənistan baş naziri Nikol Paşinyan bugün, avqustun 24-də də deyib ki, ona çatdırılan etibarlı məlumatlara görə Laçın dəhlizinin birtərəfli açılmasına dair planlar hazırlanır.

Baş nazirin sözlərinə görə “Azərbaycan adamların Qarabağdan çıxışına icazə verilməsi və Qarabağa girişin qadağan edilməsi kimi layihənin üzərində işləyir”.

Buna da bax: Mirzoyan da Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü açıq şəkildə tanımadığını deyir

Ötən ildən...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir.

Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Buna da bax: Növbəti 100 nəfər Laçın postundan keçirilib

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.