Eritreyada saxlanılan gəmilərin heyətlərində olan Azərbaycan vətəndaşları 4 ay sonra vətənlərinə gətirilib. Bu barədə martın 24-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda bildirilir ki, "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan filialının istismar etdiyi "CMS Pəhləvan", "CMS İgid” və "CMS-3" gəmilərinin heyətlərindəki 18 nəfər ölkə vətəndaşı azadlığa buraxılaraq geri gətirilib.
Rəsmi açıqlamada bu, XİN, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, habelə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin birgə əlaqələndirmə işlərinin nəticəsi kimi dəyərləndirilib: "Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib".
Məsələyə heyət üzvləri və onların yaxınlarından münasibət almaq mümkün olmayıb.
Bu məsələ ilə bağlı Azərbaycan mediasinda ilk xəbər bu il yanvarın əvvəlində yayılmışdı. Onda Azərbaycana məxsus gəmilərin Afrikada yerləşən Eritreyaya aid sularda saxlanıldığı bildirilirdi. Həmin vaxt XİN vurğulamışdı ki, Azərbaycan dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib: "Keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da... girişin icazəsiz olduğu vurğulanaraq sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşlarıdır".
Eritreya Şərqi Afrikada dövlətdir. 1993-cü ildə Efiopiyadan müstəqilliyini əldə edib.