"2 sentyabr 2022-ci il tarixdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir."
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin sentyabrın 3-də yaydığı məlumatda belə deyilir.
Nazirliyin açıqlamasında həm də vurğulanır ki, bu səfərin iki ölkə liderlərinin Brüsseldəki növbəti görüşündən dərhal sonraya təsadüf etməsi Yerevanın normallaşma prosesində səmimi olmadığını nümayiş etdirir.
"Bu qanunsuz səfər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığı, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir. Bu, həmçinin rəsmi Yerevan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir."
Nazirlik Ermənistan rəsmisinin bu addımını qınayır və Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı atılan hər hansı addımların cavablandırılacağını bildirir.
AzadlıqRadiosunun erməni xidməti isə yazır ki, rəsmi Yerevan sentyabrın 2-də Qarabağa nümayəndə heyəti göndərməyib və həmin gün günün sonunda Armen Qriqoryan özünün Facebook səhifəsində belə bir səfər etməsi ilə bağlı məlumat və foto paylaşıb.
Buna da bax: Paşinyan: 'Dağlıq Qarabağ probleminin həll olunduğuna dair bəyanatlar yersizdir'Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlarla Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda erməniləri yaşayan ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Ötən həftə Laçın şəhəri və iki kənd də Azərbaycanın nəzarətinə qaytarılıb.
Münaqişə bitəndən sonra Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını bəyan edib. Rəsmi Bakı ATƏT-in Minsk qrupunun işinin də bitdiyini bildirir, onu “reanimasiya etmək” cəhdlərini pisləyir. Bu günlərdə ABŞ qrupa yeni həmsədr təyin etdiyini açıqlayıb.
Buna da bax: Rusiyalı milyarder Qarabağa köçür