Azərbaycan Müdafiə Nazirliyi (AMN) iyulun14 -də İkinci Qarbağ müharibəsində həlak olan hərbi qulluqçuların sayı ilə bağlı yeni məlumat yayıb.
Orada Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbi qulluqçularından iyulun 14-dək dəfn edilən 2907, eləcə də itkin düşmüş hesab olunan 7 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında bilgi yer alır.
Nazirlik bildirir ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Qurum bundan əvvəl iyunun 30-da həlak olan 2906, eləcə də itkin düşmüş hesab olunan 8 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim etmişdi.
Nazirlik 44 günlük müharibədən az sonra isə 1200 hərbi quluqçunun xəstəxanada müalicə aldığını bildirirmişdi.
Xatırlatma
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi