Azərbaycan Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunda mövqelərini atəşə tutduğunu bildirir.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) avqustun 26-da məlumat yayıb.
Məlumata görə, Ermənistan silahlı qüvvələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə öz mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Açıqlamaya görə, qarşı tərəfə cavab verilib, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.
Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.
Xatırlatma
2020-ci il sentyabrının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya arasında həmin razılaşmaya əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Həmin münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.