Azərbaycan-Ermənistan sərhədində görüş

Azərbaycan-Ermənistan sərhəddi, Azərbaycan hərbçiləri, 3 fevral 2021

Məlumatda tərəflər arasında görüşdən sonra vəziyyətin xeyli yaxşılaşdığı bildirilir

Azərbaycan-Ermənistan sərhəddinin Laçın rayonu istiqamətində (Syunik rayonunun Tex-Kornidzor hissəsi) iki ölkənin nümayəndələri arasında görüş keçirildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti Azadtutyun Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, görüşdə sərhədlə bağlı işlər aparılıb, "nəticədə vəziyyət xeyli yaxşılaşıb."

"Milli Təhlükəsizlik Xidməti hazırda işlərin davam etdiyini və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini qeyd edib."-məlumatda bildirilir.

Buna da bax: 'Azərbaycanla Ermənistanın düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir'

Belə bir görüşün keçirilməsi ilə bağlı Azərbaycan tərəfi hələki hər hansı məlumat yaymayıb.

Radio Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bir müddət əvvəl yaydığı iddianı xatırladır.

Qeyd olunur ki, Xidmət həmin açıqlamasında bildirib ki, iki ölkə arasındakı beş sərhəd nöqtəsilə bağlı razılaçmadan sonra Azərbaycan tərəfi 100-300 metr Ermənistan ərazisinə doğru irəlləyib və möhkəmlənib.

Bakı isə Yerevanın Azərbaycan ordusunun Ermanistan ərazisinə girməsi ilə bağlı iddiaları dəfələrlə təkzib edib.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu qismən) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma 5-kilometrlik bu dəhliz Laçın şəhərinə və bu rayonun Zabux, Sus kəndlərinə düşdüyündən onlara Azərbaycan nəzarət etmirdi.

Bununla belə, Azərbaycan, üçtərəfli sazişə əsasən, Laçın şəhərindən yan keçən əvvəlki dəhlizə alternativ yol çəkib. Bu yol da Ermənistanla Azərbaycanın Xankəndi şəhərini birləşdirir. Yolun Ermənistan tərəfinə düşən hissəsində isə inşa işlərinin davam etdiyi açıqlanırdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.